Rusiyada tətbiq edilən sanksiyalara görə şərab tədarükündə yaşanan çətinliklər Gürcüstanı bu məhsulun idxalında ikinci yerə çıxarıb.
Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, Gürcüstan 2023-cü ilin birinci yarısında Rusiyaya şərab ixracında hətta İspaniyanı geridə qoyub. Rusiyanın bu ölkədən idxalı bu ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 49 faiz artıb. Belə ki, yanvar-mart dövründə Rusiyaya 13,1 milyon litr şərab ixrac edən Gürcüstan bu reytinqdə lider olan İtaliyaya yaxınlaşıb.
Məlumat üçün deyək ki, eyni dövrdə Rusiyanın İspaniyadan şərab idxalı 11 faiz artaraq 12,2 milyon litr olub. İtaliya isə ilk rübdə Rusiyaya şərab ixracatını 15 faiz artıraraq 13,4 milyon litrə çatdırıb.
Mütəxəssislər bildirirlər ki, Avropada idxalçıların tədarükçülərə ödəniş etməkdə çətinlik çəkməsi Gürcüstandan şərab idxalını artıran əsas amillərdən biridir. Həmçinin bildirilir ki, Gürcüstanın Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda iştirak etməməsi və Qərbin “Rusiyaya ikinci cəbhə açmaq” təzyiqlərinə qarşı çıxması onun Rusiya ilə xarici ticarətinin rahat irəliləməsinə töhfə verib.