Həbsxanada yaxalanmaqdan qorxan məhbus MOBİL TELEFONU UDDU

15:21 20.01.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hindistanda tutulmaqdan qorxan məhbus mobil telefonunu udub. Adı açıqlanmayan şəxs əməliyyatla xilas edilib. Endoskopiyanı həyata keçirən Dr. Siddharth Srivastava indiyə qədər 10 oxşar hadisə gördüyünü söyləyib.

Hafta.az xəbər verir ki, hadisə yanvarın 5-də paytaxt Yeni Dehlidəki Tihar həbsxanasında baş verib. Qətllə bağlı mühakimə olunan şübhəli yaxalanmamaq üçün telefonu yeyib. Lakin mədə ağrısına dözməyəndə həbsxana rəhbərliyinə gedərək vəziyyəti izah edib.

Xəstəxanaya aparılan məhbus bir həftəyə yaxın müşahidə altında saxlanılıb. Yanvarın 15-də aparılan endoskopiya ilə uzunluğu 7 santimetr, eni 3 santimetr olan cihaz çıxarılıb. Həkimlər endoskopa yerləşdirilmiş alətlə telefonu ağızdan çıxardıqlarını bildiriblər. Sonradan azadlığa buraxılan şəxs yenidən həbsxanaya göndərilib.

Analoji hadisə bir neçə ay əvvəl Kosovoda da baş verib. Paytaxt Priştinada 4 gün qarnında cib telefonu ilə yaşayan şəxs avqustun 30-da əməliyyat olunub. Şəxsiyyəti açıqlanmayan 33 yaşlı xəstədə Nokia-nın məşhur 3310 telefonu olub. Əməliyyatı həyata keçirən qrupun rəhbəri Dr. Skender Teljaku, xəstənin qarnını açmadan xüsusi endoskopiya aparatlarından istifadə edərək telefonu üç hissəyə ayırdıqlarını bildirib.

Oxunma sayı 518