Hədəf bank kartlarımızdır

20:30 16.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bank kartı məlumatları gündən-günə hakerlər üçün hədəfə çevrilir. Fərdi hesabları hədəf alan kibercinayətkarlar hücumları reallaşdırmaq üçün bir neçə üsuldan istifadə edirlər. Əfsuslar olsun ki, bir çox hallarda bu, dələduzlar üçün heç də çətin olmur. Bunun üçün kibercinayətkarlar əsasən məzmunu (və hətta bəzən mənbəsi) məlum olmayan, daxilində zərərli keçidlər (linklər) olan məktublardan istifadə edirlər. Məlumatsız və ya az məlumatlı olan vətəndaşlar isə həmin keçidlərə daxil olduqda onların məlumatları üçüncü tərəfə ötürülmüş olur. Məsələn, Azərbaycanda təkcə son iki ay ərzində kiberdələduzlar tərəfindən ələ keçirilən 13000-ə yaxın vətəndaşa məxsus müxtəlif bankların kart məlumatlarının bazası aşkar edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) verilən məlumata görə, əldə olunmuş məlumatlar zərərçəkmiş vətəndaşların məlumatlandırılması məqsədilə aidiyyəti üzrə təqdim olunacaq: “Vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq dəqiqləşdirməyi tövsiyə edirik. Həmçinin bu hallarla qarşılaşan vətəndaşlardan “1654” qaynar xətti və ya [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur”.

Mərkəz istifadəçilərə tövsiyyə edir ki, fərdi məlumatları qorusunlar: “Sizin fərdi məlumatlarınız hər hansı cinayətləri sizin adınızdan həyata keçirmək üçün, hətta balansında pul olmayan təhlükəsizdir deyə düşündüyünüz və hər kəslə bölüşdüyünüz bank kartınız isə hansısa dələduzluq məqsədi ilə istifadə olunan bank köçürmələrində “transit” hesab kimi istifadə oluna bilər. Səbəb fırıldaqçıların tədqiqat zamanı öz izini gizlətmək istəməsi və araşdırmaların hədəfi kimi sizi göstərməsidir”.

Araşdırmaların nəticəsini ümumiləşdirdikdə məlum olur ki, fərdi məlumatların qorunması üçün önəmli olan əsas məqam məzmunundan asılı olmayaraq elektron cihaza göndərilən bütün SMS-lərə diqqətlə yanaşmaqdan ibarətdir. Mütəxəssislər ən xırda təhlükəli məqamda belə müvafiq strukturlara müraciət edilməsinin tərəfdarıdırlar. Lakin unutmaq olmaz ki, kibercinayətkarların “qurban”ına çevrilməməyin ən sadə və ən əsas yolu fərdi məlumatların üçüncü tərəfə ötürülməməsidir.

Məsələ ilə bağlı hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da bizimlə söhbərində vurğulayıb ki, bununla bağlı vətəndaşlar olduqca diqqətli olmalıdırlar: “Bu problemin bir çox səbəbi var. Birincisi odur ki, vətəndaşın günahı olur. Yəni kart məlumatlarını kiməsə verir. İnternetdə yaxud saytda kartın bütün məlumatlarını qoyur və istifadə edirlər. Belə hallara daha çox rast gəlinir. Belə bir vəziyyət var ki, vətəndaşa zəng edirlər ki, bankdandır və kart məlumatlarını soruşurlar. Vətəndaşda məlumatlarını paylaşır. Bu iki halda vətəndaşın günahıdır. Bu halda şəxs gərək polisə müraciət etsin. Axtarış aparılmalıdır ki, bu hallar kim tərəfindən edilib. Əlbəttə ki, prespektivi də ağırdır. Amma əksinə də ola bilər. Bu bankın da günahı ola bilər. Burada iki variant var. Kart məlumatlarının oğurlanması bank işçiləri tərəfindən həyata keçirilir və cinayət törədirlər. Yeni hesablar ilə məlumatları oğurlayırlar. Yaxud bankın proqram təminatı zəif olur. Təhlükəsizlik tələblərinə cavab vermir ki, hakerlər proqrama daxil olur və kənardan pulları çıxara bilirlər. Hər bir halda bunu ya bankın işçiləri edir ya da təhlükəsizlik sistemi zəifdir. Bu kimi hallara bank cavabdehdir. Əlbəttə ki, bu halda vətəndaş bankdan pulunu tələb etməlidir. Bank məsələni araşdırmalıdır. Amma ki, əksər hallarda deyir ki, bizlik deyil. Bu halda vətəndaş məhkəməyə müraciət etməlidir. Məhkəmə baxmalıdır ki, bu kimin günahıdır. Bankın günahıdırsa vəsait vətəndaşa geri qayıdır".

Yeri gəlmişkən, Transmilli mütəşəkkil kibercinayətkar dəstə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aşkar edilib. Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəmə baxışına daxil olub.

Son məlumata görə, İon Sekrierunun daxil olduğu transmilli cinayətkar şəbəkənin Azərbaycan bankomatlarından təmassız pul çıxarmaqda ifadə olunan cinayət əməlləri öz unikal törədilmə ssenarisinə görə xüsusilə diqqət çəkir.

İttihamdan aydın olur ki, İon Sekrieru və xaricdə fəaliyyət göstərən dəstənin digər üzvləri Azərbaycan Respublikası banklarının kompüter sistemlərinə elektron məktubla daxil etdikləri ziyanverici proqram vasitəsilə bank şəbəkə subyektlərinin adları, şifrələri və digər açar funksiyalar barədə məlumatları ələ keçirib. Bundan sonra müxtəlif saxta identifikasiya metodlarından istifadə edən dəstə üzvləri ölkəyə gələrək, Bakı və Sumqayıt ərazisində quraşdırılmış bankomatlara yaxınlaşıb heç bir kart daxil etmədən və fiziki müdaxilə etmədən internet vasitəsilə kənardan verdikləri komanda nəticəsində bankomatların təqdim etdiyi pul vəsaitlərini götürərək ölkəni tərk ediblər.

Uzunmüddətli əməliyyat-istintaq tədbirləri müxtəlif ölkələrin vətəndaşları olan və fərqli ölkələrdə gizlənmiş dəstə üzvlərinin bir-bir müəyyən edilərək ölkəyə ekstradisiya edilməsinə imkan verib. Film ssenarisinə bənzəyən əməllərə görə, hazıradək İon Sekrieru ilə yanaşı, xarici ölkə vətəndaşları Danila Dorin Konstantinoviç və Qubçak Sergey Aksentiyeviç də DTX tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4 və 177.3.2-ci (Kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə etməklə talama) maddələri ilə ittiham olunaraq Azərbaycan Respublikasına gətirilib və məhkəmə tərəfindən ağır cəzalara məhkum ediliblər.