Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. Meyitlərin üzərində tibbi ekspertiza aparılıb və onların Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə olduğu müəyyən edilib.
Həftənin PAYLAŞIMI
Türkiyənin məşhur aktyoru Oktay Kaynarca Azərbaycanla bağlı həssas paylaşım edib. O, instaqram hesabında ölkəmizlə bağlı bunları yazıb: “Belə bir birlik nümunəsi ancaq bu torpaqlara məxsusdur. Bütün bir ölkə, buna Azərbaycan da daxil zəlzələ bölgəsindəkilər qədər acı çəkir, ürəkləri onlarla döyünür, yediklərindən, yataqlarından, isinməkdən utanırlar. Möhtəşəm bir birlik nümayəşidir bu. Ürəyinə sağlıq, mənim öz millətim”.
Həftənin ÇEMPİONU
“Əslində yarış mənim üçün uğurlu keçmədi. Sonda çempionluq qazansam da, tam ürəyimcə olmadı”. Bunu qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi olan Gövhər Beydullayeva deyib. 20 yaşlı qrossmeyster birinci yeri tutduğu Azərbaycan çempionatının səviyyəsini yüksək qiymətləndirib. Qeyd edək ki, ardıcıl iki dəfə bu titula yiyələnən Beydullayeva deyib: "Bəlkə də, builki yarış daha güclü idi. Çünki son tur ərəfəsində 4 şahmatçı çempionluq şansını saxlayırdı”.
Həftənin GÖRÜŞÜ
“Beşiktaş”ın hücumçusu Cenk Tosun Kahramanmaraşda zəlzələdən qurtulan və bütün ailəsini itirən Cavid adlı azarkeşi ilə görüşüb. Türkiyə millisinin forvardı xəstəxanada azyaşlını ziyarət edib. Bundan öncə isə Cavid Antalyada müalicə aldığı xəstəxanadan müraciət ünvanlayaraq Cenk Tosundan formasını istəmişdi. İstanbul klubunun futbolçusu onun istəyinə belə cavab vermişdi: “Cavid, qardaşım, sən bizim möcüzəmizsən. Forma məsələsini həll edirəm. Özünə gəldikdən sonra oyunlarımızda da səni gözləyəcəm. Səni çox öpürəm, canım qardaşım”.
Həftənin QRUPU
2023-cü ildə 16 yaşadək basketbolçular arasında Kosovanın paytaxtı Priştinada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Püşkün nəticəsinə əsasən, Azərbaycan Ermənistanla eyni qrupa düşüb. Yığmamız C Divizionunun B qrupunda Ermənistanla yanaşı, Albaniya, San Marino və Kipr yığmaları ilə mübarizə aparacaq. Qeyd edək ki, yarış bu ilin 19-27 iyul tarixilərində baş tutacaq.
Həftinin MƏRHUMU
84 yaşında dünyasını dəyişən Türkiyənin tanınmış siyasətçisi, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Deniz Baykalla vida mərasimi keçirilib. Vida mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. D.Baykal daha sonra Ankarada dəfn edilib. Xatırladaq ki, Deniz Baykal fevralın 11-i Ankarada evində dünyasını dəyişib. O, 37-ci hökumətdə maliyyə naziri, 42-ci hökumətdə enerji və təbii sərvətlər naziri, 52-ci hökumətdə xarici işlər naziri və Baş nazirin müavini vəzifələrində çalışıb.
Həftənin MÜTTƏHİMİ
Ermənistanın keçmiş müdafiə naziri və “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan ölkənin Milli Təhlükəsizlik Xidmətində dindirilib. Xatırladaq ki, daha əvvəl Ermənistan parlamenti Seyran Ohanyanı deputat toxunulmazlığından məhrum edib. Ohanyan nazir olduğu dövrdə hərbi hissələrin ərazilərini qanunsuz şəkildə satmaqda və vəsaitləri mənimsəməkdə ittiham olunur. Nəticədə Ermənistan hökumətinə 5,9 milyard dram (təqribən 254 min AZN) həcmində zərər dəydiyi bildirilir.