Həftənin AÇILIŞI - Həftə-reytinq

11:57 30.12.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər. Müzəffər Ali Baş Komandan hərbi hissəyə döyüş bayrağını təqdim edib.

 

Həftənin YUBİLYARI

SSRİ Xalq artisti Zeynəb Xanlarovanın 85 yaşı tamam olub. Sənətkar yubileyini ev şəraitində yaxın çevrəsi ilə qeyd edib. Məclisdən görüntüləri müğənninin qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova instaqram hesabında paylaşıb. “Zeynəb xanım Xanlarovanın evində onun doğum gününü qeyd edirik. Ailə dostumuz Rauf Məmmədov isə pianoda gözəl ifalar edərək xoş anlar yaşatdı. Uca Allah Zeynəb Xanlarovanı ailəmizin və Azərbaycan xalqının üzərindən əsirgəməsin. Amin!” - deyə aktrisa yazıb.

 

Həftənin SƏRSƏMLƏMƏSİ

Rusiya Dövlət Dumasının deputatı, Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski növbəti dəfə qalmaqallı açıqlaması ilə diqqət çəkib. O, Ukraynanı bombalamağa, Qərbi isə qorxutmağa çağırıb. Jirinovski bildirib ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Ukraynanı bombardman etmək lazımdır. O, bu barədə Birinci Kanalın efirində danışıb. Partiya lideri əlavə edib ki, özü ölkə Prezidenti olsaydı, bunu edərdi.

 

Həftənin GÖRÜŞÜ

Fələstin Prezidenti Mahmud Abbasla İsrailin müdafiə naziri Beni Qants arasında görüş baş tutub. Bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, nazir Mahmud Abbası Roş Haayindəki evində qonaq edib. 2,5 saat davam edən görüşdə təhlükəsizliklə yanaşı, mülki sahələrdə müxtəlif məsələlər müzakirə edilib. Fələstin Mülki İşlər İdarəsinin rəhbəri, nazir Hüseyn əl-Şeyx də sözügedən görüşün baş tutduğunu təsdiqləyib.

 

Həftənin ƏRİ

Almaniyanın xarici işlər naziri Annalena Berbokun həyat yoldaşı Daniel Holeflyayş həyat yoldaşının siyasi karyerası və uşaqlarına baxması üçün “Deutsche Post” konsernini tərk edib. Bu barədə çərşənbə axşamı “Bunte” jurnalı məlumat yayıb. Nəşr 48 yaşlı Holeflyayşın 2021-ci ilin iyul ayından etibarən artıq “Deutsche Post DHL Group”da işləmədiyini yazıb. Sentyabrın 26-da keçirilən Bundestaq seçkilərindən əvvəl 41 yaşlı Berbok hökumətin üzvü olacağı təqdirdə ərinin işləməyə davam edə bilməyəcəyini demişdi. Qeyd edək ki, cütlük 2007-ci ildə ailə qurub və onların 6 və 11 yaşlarında iki qızı var.

 

Həftənin ƏN YAXŞISI

Britaniyanın “FourFourTwo” nəşri 2021-ci ilin ən yaxşı məşqçilərinin adını açıqlayıb. İngiltərənin “Mançester Siti” klubunu çalışdıran Xosep Qvardiola geridə qoymaqda olduğumuz ilin ən yaxşı məşqçisi elan olunub. İlk üçlükdə “Çelsi”nin baş məşqçisi Tomas Tuxellə “Liverpul”un çalışdırıcısı Yurgen Klopp da yer alıb.

 

Həftənin STATİSTİKASI

2019-2020-ci illərdə “Məktəblinin dostu” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu ümumi təhsil müəssisələrində layihə psixoloqları ilə şagirdlərin söhbəti zamanı ümumilikdə 35 nəfər şagirdin təhsil müəssisəsindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalması aşkarlanıb. Bu barədə Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq İcra Hakimiyyəti orqanının illik məlumatında qeyd edilib. Hesabatda bildirilir ki, onlardan 5-i seksual, 7-si fiziki, 5-i psixi zorakılığa və 18-si qısnanmaya məruz qalıb.

 

Oxunma sayı 241