Həftənin BƏYANATI - Həftə-reytinq

11:20 18.11.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Dünya liderləri içərisində ən təcrübəli liderəm”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala şəhərində gənclərlə görüşündə deyib. “Əlbəttə, bunu mən demək istəmirəm, sadəcə olaraq dünyadakı digər liderlərə görə mövqeyimizi ifadə etmək istəyirəm ki, bu da millətimin kimin kim olduğunu bilməsi üçün vacibdir”, - deyə Ərdoğan qeyd edib.

 

Həftənin GÖRÜŞÜ

ABŞ və Çin prezidentləri Co Baydenlə Si Cinpin arasında videokonfrans formatında görüş keçirilib. Liderlərin görüşü təqribən 3 saat yarım davam edib. Görüş arada 15 dəqiqə fasilə ilə baş tutub. Bayden və Cinpin iki ölkə arasında münasibətlərin strateji və fundamental məsələlərini müzakirə ediblər.  Bu, Baydenin 2021-ci ilin yanvarında ABŞ Prezidenti vəzifəsinə gəlməsindən sonra iki lider arasında keçirilən ilk görüşdür.

 

Həftənin PAYLAŞIMI

Türkiyənin Milli Müdafiə Nazirliyi 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə paylaşım edib. Nazirliyin rəsmi tviter hesabında edilən paylaşımda deyilir: “33 il əvvəl milli dirçəliş üçün mübarizə aparan və bu gün də o inancla işğal edilmiş torpaqlarını azad edən Can Azərbaycanın Milli Dirçəliş Günü mübarək olsun. Türkiyə və Azərbaycan bundan sonra da “Bir millət, iki dövlət” deyimi ilə birlikdə olmağa davam edəcək!”

 

Həftənin TƏKLİFİ

Ukraynada koronavirusa qarşı iki doza vaksinasiyası olan vətəndaşlara 1000 qrivna (64,70 AZN) veriləcək. Bu barədə ölkə Prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib. Prezidentin sözlərinə görə, hər iki peyvəndi vurduran vətəndaşlar “Diya” tətbiqi vasitəsilə min qrivna əldə edə biləcəklər: “Bu pula idman zalı və ya fitnes klubu üzvlüyü ala bilərsiniz. Kino, teatr, muzey, konsert salonu, sərgi mərkəzinə baş çəkin və ya daxili səyahətlər üçün bilet alın”.

 

Həftənin QƏLƏBƏSİ

Xəbər verdiyimiz kimi, azərbaycanlı xanım idmançı Gözəl Zutova Yusif Fight Championship (YFC) turnirində Ermənistan təmsilçisi Nara Marqarosyanı 10 saniyəyə nokauta salıb. G.Zutova bu uğuru ilə bağlı paylaşım edib. “Dəmir yumruq dəydi o şərəfsizə”, - xanım idmançı bildirib.

 

Həftənin QONAĞI

Türkiyənin reytinqli "Eşkiya dünyaya hükümdar olmaz" serialında İlyas obrazına həyat verən məşhur aktyor Ozan Akbaba Şuşaya səfər edib. Bununla bağlı görüntüləri aktyor Elşən Orucov sosial şəbəkə hesabında paylaşıb. E.Orucov O.Akbabanı Cıdır düzündə salamlayıb və duyğularını soruşub. Məşhur aktyor isə “Nə oldu, Paşinyan?” deməklə əhvalını izah edib.

 

Həftənin QƏRARI

Fransa milli bayrağının rəngi dəyişdirilib. Yelisey sarayı Prezident Emmanuel Makronun 2020-ci ildə təsdiqlədiyi qərarla bayraqdakı mavi rəngi göylə dəyişdirdiyini açıqlayıb. İctimaiyyətə açıqlanmadan edilən dəyişiklik reaksiyalara səbəb olub. Makronun Fransa inqilabının simvolu olaraq qəbul edilən göyrəngli bayrağı geri qaytarmaq istədiyi üçün bu qərarı qəbul etdiyi bildirilib.

 

Oxunma sayı 404