Həftənin ÇAĞIRIŞI - Həftə-reytinq

13:14 06.01.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin müdafiə naziri Hulusi Akar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması haqda danışıb. O, “Hüriyyət” qəzetinə müsahibəsində bu barədə sualı cavablandırıb. H.Akar bildirib ki, Azərbaycan torpaqlarının 30 il işğal altında qaldığı müddətdə heç bir beynəlxalq təşkilat bir iş görmürdü: “44 günlük müharibədən sonra Minsk qrupunun həmsədrləri Prezident İlham Əliyevin qarşısına gəldilər. Əliyev “Sizi mənmi çağırdım, 30 ildir haradaydınız?” dedi. Önəmli olan cənab Prezidentimizin çağırışı ilə cənab İlham Əliyevin uzatdığı sülh əlini tutmaqdır. Bunun ən böyük xeyri Ermənistana olacaq. İndiki hədəf Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə və sonra da altıtərəfli münasibətlərin Qafqazda sabitliyi təmin etməsidir”.

 

Həftənin İŞSİZLƏRİ

Amerikada ötən ilin noyabrında 4,5 milyon nəfər işdən çıxıb. 2021-ci ilin noyabrında baş verən bu göstərici indiyə kimi qeydə alınan rekord hesab edilib. Belə ki, vakant iş yerlərinin sayı noyabr ayında əvvəlki aya görə 529 min azalaraq 10 milyon 562 minə düşüb. Bu dövrdə azalan boş iş yerlərinin sayının 11 milyon 75 min olacağı gözlənilirdi.  2021-ci ilin oktyabr ayında açıq iş yerlərinin sayı 11 milyon 91 min olub. Sözügedən dövrdə vakant iş yerlərinin sayının ən çox azaldığı sektorlar yaşayış və qida xidmətləri, tikinti və uzunmüddətli istifadəyə yararlı olmayan malların istehsalı olub. Maliyyə, sığorta və federal hökumət sektorlarında vakansiyaların sayı artıb.

 

Həftənin MƏSLƏHƏTİ

“Vətəndaşlar bəzən lazım olmadığı halda 2-3 çörək alır, amma istifadə etmirlər. Yəqin ki, hər kəs şahidi olub: səhərlər qapılardan yarım və yaxud da bütöv dünəndən, srağagündən qalmış çörək qurusu asılır. Yəni ehtiyac olan qədər çörək almaq lazımdır, israfçılıqdan qaçmalıyıq. Dünya o dünya deyil, sudan da ehtiyatla istifadə edilməlidir. Atmosfer dəyişir, kənd təsərrüfatı həm də iqlimdən, təbiətdən asılıdır. Ona görə də təbiəti qorumaq, ehtiyatlı istifadəyə meyillənmək lazımdır. Gəlin çörəkdən, qidadan artıq alıb sonra xarab olduğu üçün heyvanlara verməyək”. Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

 

Həftənin TƏLƏBİ

12 saylı Rustavi həbsxanasında cəza çəkən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili hakimiyyətə iki yeni tələb irəli sürüb. Bu barədə onu ziyarət edən vəkilləri məlumat verib. Hüquq müdafiəçisi Şota Tutberidze jurnalistlərə bildirib ki, Saakaşvilinin iki əsas tələbi var: konfidensiallığa riayət edilməklə rabitəni bərpa etmək və müstəqil həkimlərin ona baxış keçirməsi üçün şərait yaratmaq. Tutberidzenin sözlərinə görə, bu tələblərin yerinə yetirilməyəcəyi təqdirdə, Saakaşvili yanvarın 6-dan etirazın son formasına əl atacaq. Vəkil onun nədən ibarət olacağını dəqiqləşdirməyib.

 

Həftənin ƏN YAXŞISI

Millimizin hücumçusu Mahir Emreli Polşa “Legiya”sında ilin ən yaxşı legioneri seçilib. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.  25 yaşlı hücumçu azarkeşlər arasında keçirilən sorğuda 42 faiz səslə komanda yoldaşlarını qabaqlayıb. Serbiyalı müdafiəçi Filip Mladenoviç 39 faizlə ikinci, çexiyalı forvard Tomaş Pexart 19 faizlə üçüncü olub.

 

Həftənin REKORDU

16 ildən sonra yeni albom buraxan türkiyəli müğənni Mahsun Kırmızıgül rekorda imza atıb. Bu barədə o, instaqram hesabında yazıb. M.Kırımızıgülün sözlərinə görə, onun yeni ilin ilk günündə işıq üzü görən “Hoş Geldin” adlı albomunun düz 10 mahnısı yutubun trend siyahısına daxil olub. Bu, Türkiyənin yutub tarixində ilk və rekord göstərici olub. O, həmçinin əlavə edib ki, albomu “Apple”, “Spotify”, “TikTok” və digər rəqəmsal platformalarda, radio dalğalarda 1-ci pillədə qərarlaşıb. “Həm kinoda, həm də musiqidə mənə dəstək olan, gördüyüm işləri izləyən, mənə sonsuz dəstək verən dəyərli dostlarıma təşəkkür edirəm”, - deyə müğənni yazıb.

Oxunma sayı 80