Həftənin “carçısı” - Həftə-reytinq

18:34 21.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə yayılan xəyanət videosu cəmiyyətdə ajiotaj doğurdu. Sözügedən görüntülərdə ər arvadını yad kişi ilə yataqda tutur. Əməkdar artist Mehriban Xanlarova baş verən hadisədə kişini qınayaraq onun ünvanına tənqidlər səsləndirdi: "Hansısa qadın ərinə xəyanət edir. Ər də bunu böyük qəhrəmanlıqmış kimi çəkib verir. Həmin ərə sual verirəm: Elə bilirsən, video çəkib sosial şəbəkədə paylaşmaqla sənə yaxşı kişi deyirlər? Birincisi, kişinin kişi olduğu yerdə xəyanətdən söhbət gedə bilməz. İkincisi, özünə və ailəsinə hörmət edən kişi arvadının biabırçı videosunu başqaları ilə paylaşmaz. Bunu etməklə sən də onun səviyyəsinə enmiş olursan. Əgər övladın varsa, böyüyəndə bu videonu sillə kimi üzünə vuracaq. Onda nə cavab verəcəksən? Hələ bu videonu sosial şəbəkədə paylaşaraq özünə izləyici yığan səhifələr... Gənclərə nəyi təbliğ etdiyinizin fərqindəsiniz?"

 

Həftənin ““Pepsi”st futbolçusu”

Məşhur “Pepsi” brendi yeni reklam çarxını buraxdı. Çarxda Lionel Messi, Məhəmməd Salah, Pol Poqba və Rəhim Sterlinq kimi futbol ulduzları yer alıb. Qeyd edilən futbolçular reklam boyu bir-birindən “Pepsi” içkisini almağa cəhd edir. İdmançılar həmçinin ustalıqlarını da nümayiş etdirməyə macal tapırlar. Misirli ulduz Məhəmməd Salah Messinin içkisini əlindən almağa nail olur.

 

Həftənin “1 dollarlıq məşhuru”

Məşhur amerikalı yazıçı Stiven Kinq ukraynalı tələbə Valentin Lavrenyukla müqavilə imzaladı. Sövdələşmə “Velotrenajor” əsərinin ekranlaşdırılma haqqının birillik olaraq 1 ABŞ dollarına satılmasını özündə ehtiva edir. Şərtlərə əsasən, qısametrajlı film internetə yerləşdirmək və ya televiziyada yayımlamaq qadağandır. Lenti geniş prokata yalnız yazıçının şəxsi razılığından sonra buraxmaq mümkün olacaq. Qeyd edək ki, “Velotrenajor” hekayəsində arıqlamağa çalışan Riçard Sifkitse adlı rəssamdan söhbət gedir. Rəssam arıqladıqca onu qəribə illüziyalar təqib etməyə başlayır. Xatırladaq ki, Stiven Kinq hələ ötən əsrin 70-ci illərindən başlayaraq tələbə rejissorlara əsərlərinin ekranlaşdırılması haqlarını verir. O, “Dollar Baby” proqramı çərçivəsində 1 ABŞ dolları qarşılığında tələbə və şagird kinematoqrafçılara ekranlaşdırma haqlarını satır.

 

Həftənin ““Oskar”şünası”

ABŞ Prezidenti Donald Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid etdi. O, bu barədə Kolorado ştatındakı mitinqdə çıxışı zamanı deyib. “Bu il kinoakademiya nə pis mükafat verib. Qalib də Cənubi Koreyadan olan filmdir. Orda nə baş verir? Bizim Cənubi Koreya ilə ticarət sahəsində kifayət qədər problemlərimiz var və belə vaxtda onlara ilin ən yaxşı filmi mükafatını verirlər. Bu, normaldır? Bilmirəm. Gəlin “Küləklə sovrulanlar”ı qaytaraq, lütfən... Qalib isə Cənubi Koreyadandır. Mən düşünürdüm ki, bu, ən yaxşı xarici filmdir. Yox. Əvvəllər belə şey olurdu?", – deyə Tramp bildirib. Qeyd edək ki, Cənubi Koreya rejissoru Pon Çjun Honun “Parazitlər” filmi "İlin ən yaxşı filmi" seçilib. Beləliklə “Oskar” ilk dəfə ingilis dilində çəkilməyən filmə verilib. Ekran əsəri bundan başqa ən yaxşı rejissor işi, ən yaxşı ssenari və ən yaxşı əcnəbi film kateqoriyalarında da qalib olub.

 

Həftənin “şou-biznes davası”

Xalq artistləri Brilliant Dadaşova ilə Faiq Ağayev arasında illərdir davam edən qalmaqal bitmək bilmir. F.Ağayevin müğənni-bəstəkar Murad Arifin "Popumuz var" layihəsində dediyi sözlər qalmaqalı daha da alovlandırdı.  Faiq "Flora Kərimovanın, yoxsa Brilliant Dadaşovanın sənəti" sualına "Müqayisə belə, edilə bilməz. Flora Kərimovanın sənəti əsrlərlə yaşayacaq, o biri isə unudulacaq" cavabını verib. Bu isə Dadaşovanı özündən çıxarıb. Brilliant Dadaşova M.Arifin “Instaqram”dakı sözügedən görüntülərlə bağlı paylaşımına münasibət bildirərək, xalq artistinin ünvanına ağır fikirlər yazıb: “Dürüst və doğru? Özünü videoya çəkən, bunu da nədənsə onunla əlaqəsi olmayan Brilliantın boynuna atan dürüst... Canım Murad, dürüstlük dünyadakı haqqını halal etməz, günahdır. Murad, parlamentdə vaxtı ilə böyük Rəşid Behbudov oturub. Səndən nədənsə dürüstlük gözləyənlərin ümidlərini qırma. Xalq doğrudanmı cılızlaşdırılır? Allah xalqa kömək olsun! Acıq vermək üçün şəxsən özünün çəkdiyi videonu ortaya çıxardı. Amma nədən şər-böhtan ataraq videonun yayılmasını mənim üstümə atdı? Hələ də bu, sual altındadır. Bu dünyada və mütləq məhşərdə böhtanın cəzası çox ağırdır”.

 

Həftənin “narkoman baş məşqçisi”

“Ximnasiya və Esqrima" komandasının baş məşqçisi Dieqo Maradona Argentina çempionatının XX turunda "Rosario Sentral" ilə oyun zamanı şübhəli vəziyyətdə görüntüləndi. Görüşün gedişində köməkçisi 60 yaşlı mütəxəssisə naməlum maddə gətirib. Bundan sonra əfsanəvi hücumçunun bütün köməkçiləri onu kameralardan gizlədiblər. Futbolçu ikən Maradona dəfələrlə narkotik maddə qəbul edib. Karyerasını bitirdikdən sonra da o, zərərli vərdişindən əl çəkməyib. Qeyd edək ki, oyun "Rosario Sentral"ın qələbəsi ilə yekunlaşıb - 1:0. Hazırda "Ximnasiya və Esqrima" 17 xalla 22-ci yerdə gedir.

 

Həftənin “kino tənqidçisi”

“Film kastinqi keçirirlər, büdcədən pul ayrılır. Özü də peşəkar yerdə - ən azından adı peşəkardır. Amma aktyorların, aktrisaların xəbəri olmur. Kim seçir, necə seçir bilinmir”.Bu sözləri aktrisa Zülfiyyə Qurbanova sosial şəbəkədə yazdı.  Aktrisa rejissorların filmlərə peşəkarları deyil, öz tanışlarını çəkməsinə etiraz edib: “Sən çağır, alınmasın, rola uyğun olmasın, qabiliyyəti qane etməsin, amma çağır. Deyirəm ki, sənəti özfəaliyyətə çevirmisiniz. Sonra da deyirlər ki, niyə filan yerdə - bazada şəklin yoxdur? Şərait yaradırsınız ki, şəklimiz olsun? Adam istəyir ki, danışmasın, ancaq alınmır. Çevrəmdəki adamlar da qəribədirlər: Kömək lazım olanda, işlərinin dəyərini qaldırmaq, rolun yükünü ancaq istedadlı, peşəkar aktrisanın daşıyacağı iş olanda dil tökürlər ki, ay istedadlısan, filan işdə “dağıtmısan”. “Yedirtmək” lazım olanda başqalarını çağırırlar. Haşiyəyə çıxaraq qeyd edim ki, hər zaman işim var: filmim, serialım. Hər zaman olacaq da. Lakin adamı qanmaz yerinə qoymayın. Heç kim “ağıllı” məsləhət verməsin ki, niyə yazmısan. Sözü hara və niyə yazdığımı əla bilirəm. Çoxdandır yazmırdım, elə bilməyin ki, görmürəm”.

Qeyd edək ki, Z. Qurbanova hazırda “Ata ocağı” serialında rol alır.

 

Həftənin “azərbaycanlı pianoçusu”

ABŞ Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, tanınmış pianoçu, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyarovanın hazırda Nyu-York şəhərində yaşadığı bəlli oldu.  Azərbaycanlı musiqiçi Nyu-Yorkun Müqəddəs Mark kilsəsində ("Saint Mark's Church") konsert proqramı ilə çıxış edib. Tədbir afro-amerikalıların tarixi ayına - “Black History Month” həsr edilib. Azərbaycanlı pianoçu Nərgiz Əliyarova və Belçikanın “Kraliça Elizabet” müsabiqəsinin qalibi, bariton Stiven Solters Rusiya, Azərbaycan və Amerika bəstəkarlarının əsərlərini səsləndiriblər. Eyni zamanda konsertdə Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin dahi rus şairi, nasiri və dramaturqu Aleksandr Puşkinin sözlərinə yazılmış iki romansı ifa olunub. Sənətçinin növbəti konsertləri Nyu-Yorkun məşhur Karneqi-hall ("Carnegie Hall") salonunda və Linkoln Mərkəzində, həmçinin Vaşinqtonun ən böyük zalı olan Kennedi Mərkəzində baş tutacaq.