Həftənin DİPLOMLUSU - Həftə-reytinq

11:33 14.01.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev Məmməd Salmanovu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.  Sərəncama əsasən, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” Məmməd Əhəd oğlu Salmanova Azərbaycanda elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə verilib.  Qeyd edək ki, biologiya elmləri doktoru olan M. Salmanov AMEA-nın həqiqi üzvüdür. Onun 90 yaşı tamam olub.

 

Həftənin ÖLÜSÜ

Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirov vəfat edib. Bu barədə Ə. Vəzirovun yaxınları məlumat yayıb. O,  91 yaşında Moskvada dünyasını dəyişib.Qeyd edək ki, Əbdürrəhman Xəlil oğlu Vəzirov 1930-cu ildə Bakıda anadan olmuşdu. 1988–1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası MK-nın birinci katibi vəzifəsini icra edib. 1979–1985-ci illərdə SSRİ-nin Nepalda, 1985–1988-ci illərdə isə Pakistanda fövqəladə və səlahiyyətli səfiri olub. O, uzun illərdir ki, Rusiya paytaxtında yaşayırdı.

 

Həftənin ÜZRÜ

Bakıda aztəminatlı ailələri təhqir edən sürücü saxlanılıb. Sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gallendevagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb. Bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilb və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb. S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşiman olduğunu deyərək üzrxahlıq edib.

 

Həftənin ETİRAFI

“Oğlum Ayazın atası, ikinci həyat yoldaşım Şamil müəllim dövlət işində çalışırdı. Mənə xəyanət elədi, bağışlamadım, ayrıldıq”. Bu sözləri Əməkdar artist Kübra Əliyeva "Elgizlə izlə" verilişində deyib. Aktrisa hələ də keçmiş əri ilə görüşdüyünü bildirib: “Çox gözəl insandır. İndi də görüşürük. 82 yaşı var. Mənə xəyanət etdiyini həmin qadın özü gəlib dedi. On dörd yaşımda hekayə yazmışdım, eynisini həyatda yaşadım. Məndən sonra evləndi. Amma həmin xanımla yox. O xanıma mən çox yardım etmişdim, evimə gətirmişdim..”.

 

Həftənin İSTEFASI

“Qalatasaray”ın baş məşqçi postundan istefa verən Fatih Terim klubla vidalaşıb. “Florya Mətin Oktay” bazasına gələn təcrübəli çalışdırıcı futbolçularla və işçilərlə sağollaşıb. İstanbul təmsilçisinin bir qrup azarkeşi bazanın qarşısına yığılaraq Fatih Terimə dəstəklərini ifadə ediblər. Onlar həmçinin çalışdırıcını istefaya göndərdiyinə görə prezident Burak Elmasın klubdan getməsini istədiklərini bildiriblər.  Qeyd edək ki, bu Fatih Terimin “Qalatasaray”dan 4-cü istefasıdır. O, 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə də İstanbul təmsilçisinin çalışdırıcısı olub.

 

Həftənin QƏRARI

"Güləşməyə böyük həvəsim var. Bütün potensialımı ortaya qoymalıyam. “Tokio-2020” Yay Olimpiya Oyunlarından qayıtdıqdan sonra karyeramı davam etdirmək barədə qərar verdim". Bunu titullu güləşçimiz Mariya Stadnik Dünya Güləş Birliyinin (UWW) saytına müsahibəsində deyib. UWW materialda M.Stadnikin “Paris-2024” Yay Olimpiya Oyunlarında medal qazanacağı təqdirdə, qadın güləşi tarixində yeni rekorda imza atacağını açıqlayıb.

 

Həftənin TERRORÇUSU

Rusiyalı milyarder İqor Rıbakov Yeni il tətili üçün getdiyi Qazaxıstanı tərk edə bilmir. Bu barədə iş adamının mətbuat xidməti Rusiya mətbuatına, o cümlədən Forbes və Znak.com-a məlumat verib. Bildirilir ki, Rıbakov yanvarın 3-də Qazaxıstana gedib. Rıbakov həmçinin bildirib ki, media Qazaxıstandakı vəziyyəti “çox birtərəfli” göstərir, lakin o, daxildən “bir çox başqa şeylər” görür:“Dünən nəzarət-buraxılış məntəqəsində az qala problemlə üzləşdim. Məni terrorçu hesab etdilər. Mən həqiqətən belə görünürəm?".

Oxunma sayı 39