Prezident İlham Əliyev “Qarabağ” klubunu qəbul edib. Ölkə başçısının klub üzvləri ilə səmimi görüşü və söhbəti sosial şəbəkələrdə müsbət qarşılanıb. Dövlət başçısı komandanın braziliyalı legioneri Riçard Almeydanın 2014-cü ildə “İnter”ə vurduğu qolu xatırlayıb: “O qolu sən vurmuşdun deyəsən “İnter”ə, saymadılar”. Daha sonra İlham Əliyev Kadi Borxeslə də söhbətləşib: “Sən də qol vurmusan, saymayıblar”. Prezident komandanın qapıçısı Şahruddin Məhəmmədəliyevi oyununu müsbət dəyərləndirib: “Sən yaxşı qapıçısan, cəsarətlisən”.
Həftənin MƏŞQÇİSİ
İdman Araşdırmaları Mərkəzinin “İlin qalibləri-2021” layihəsi üzrə mükafatçıları müəyyənləşib. Qaliblər Bakı Olimpiya Stadionunda açıqlanıb. Nominasiyalar üzrə: İlin İdman Xadimi - İlqar Rəhimov (Milli Paralimpiya Komitəsinin prezidenti), İlin əcnəbi futbolçusu - Abdullah Zubir ("Qarabağ", Fransa), İlin futbolçusu - Emin Mahmudov ("Neftçi"), İlin İdmançısı - İrina Zaretska, İlin Komandası - "Qarabağ" futbol komandası, İlin məşqçisi - Qurban Qurbanov (“Qarabağ” futbol komandasının baş məşqçisi), İlin İdman Yarışı - Avro-2020-nin Bakıda keçirilmiş 4 oyunu.
Həftənin GÖZƏLİ
İsrailin Eylat şəhərində “Kainat gözəli-2021” müsabiqəsinin finalı keçirilib. Yarışmanın qalibi Hindistan təmsilçisi Harnaaz Sandhu seçilib. 21 yaşlı qız gözəllik müsabiqəsinin keçirildiyi vaxtdan indiyək qalib seçilən üçüncü Hindistan vətəndaşı olub. Sandhu administrator kimi çalışır, boş vaxtlarında model və aktrisa kimi fəaliyyət göstərir. Bundan əlavə, qız ictimai fəaliyyətlə məşğuldur. İkinci yerə Cənubi Afrika Respublikasının (CAR) təmsilçisi Lalesa Msvane, üçüncü yerə isə Paraqvay təmsilçisi Nadia Fereyra layiq görülüb.
Həftənin SEÇİLMİŞİ
“SpaceX” və “Tesla”nın qurucusu İlon Mask “Time” jurnalı tərəfindən “2021-ci ilin adamı” seçilib. “İlin adamı 2021”in elan edilməsinin rəsmi mərasimi nəşrin Yutub kanalında yayımlanıb. Bu nominasiyada ötən həftə jurnalın oxucuları seçim ediblər. Reytinqdə ikinci yeri ABŞ-ın keçmiş Prezidenti Donald Tramp, üçüncü yeri isə koronavirus infeksiyası ilə mübarizə aparan həkimlər tutub. Qeyd edək ki, keçən il ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harris “Time” jurnalında “İlin adamı” seçilmişdi.
Həftənin MODELİ
Türkiyənin İstanbul şəhərində “Best Model of The World-2021” müsabiqəsinin finalı keçirilib. Azərbaycanı müsabiqədə təmsil edən model Aydan Yeşildağ birinci yerə layiq görülüb və bununla da dünyanın ən yaxşı modeli seçilib, bəy təmsilçimiz - model Xəqani Hüseynov isə “Best Asia” tituluna sahib olub. Qeyd edək ki, “Best Model of The World” hər il İstanbulda keçirilir. Layihənin prezidenti Erkan Özermandır.