Həftənin GÖRÜŞÜ - Həftə-reytinq

11:36 31.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilib. Bu barədə məlumatı Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak öz rəsmi tviter hesabında paylaşıb. Bildirilir ki, Medinski-Araxamia görüşü təxminən 1 saat davam edib. Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar isə 3 saatdan çox davam edib.

 

Həftənin ZƏNGİ

 Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib. Söhbət zamanı Prezident Volodimir Zelenski dövlətimizin başçısını Ukraynadakı vəziyyət barədə məlumatlandırıb. Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər. Telefon danışığı əsnasında Prezident Volodimir Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan daim humanitar məsələlərə böyük önəm verir və xüsusi diqqətlə yanaşır.

 

Həftənin ÜZRÜ

Azərbaycanın neft sənayesinə zərbə endirməyə çağırış edən Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqin sözlərinə görə üzr istəyib. Rusiyalı deputat “Qovorit Moskva” radiostansiyasının efirində düzgün anlaşılmadığını, verilişin formatına uyğun olaraq belə bir davranış sərgilədiyini bildirib. “Mənim sözlərimdən qorxan, inciyən və yaxud özünü təhqir olunmuş hesab edən hər kəsdən üzr istəyirəm”, - deyə Delyaqin söyləyib.

 

Həftənin QƏRARI

ABŞ Apellyasiya Məhkəməsi rusiyalı oliqarx Oleq Deripaskanın sanksiyaların ləğvi ilə bağlı vəsatətini rədd edib. Bu barədə məlumatı “Reuters” agentliyi yayıb. Bildirilir ki, söhbət 2018-ci ildə tətbiq edilən sanksiyalardan gedir. Qeyd edək ki, Deripaska 2019-cu ilin martında ABŞ Maliyyə Nazirliyini məhkəməyə verib. Biznesmen bildirib ki, Rusiyanın 2016-cı ildə prezident seçkilərinə müdaxilə etməkdə ittiham edilməsinə görə ABŞ-da siyasi mübarizənin qurbanı olub. İş adamı ona qarşı sanksiyaların ədalətsiz və qanunsuz olaraq tətbiq edildiyini, nəticədə 7,5 milyard dollar zərərlə üzləşdiyini açıqlayıb.

 

Həftənin ŞİLLƏSİ

Los-Ancelesdə 94-cü “Oskar” kino mükafatının təqdimetmə mərasimi baş tutub. Canlı yayımlanan tədbirdə gərgin anlar yaşanıb. Buna səbəb aparıcı Kris Rokun aktyor Uill Smitin alopesiyadan (keçəlləşmə) əziyyət çəkən həyat yoldaşı Cada Pikett-Smiti “Əsgər Ceyn” adlandırması olub. Bunu eşidən U. Smit tamaşaçı zalından səhnəyə qalxıb və aparıcıya şillə vurub. Həmin an səs itib, lakin kameralar baş verənləri lentə alıb. K. Rok baş verənləri zarafata çevirməyə çalışıb.

 

Həftənin ÇEMPİONU

Macarıstanda keçirilən güləş üzrə Avropa çempionatı davam edib. Əliabbas Rzazadə (57 kq) Avropa çempionatının finalında Vladimir Yeqorova (Şimali Makedoniya) 6:8 hesabıyla məğlub olub və Avropa çempionatını gümüş medalla başa vurub. Macarıstanl təmsil edən Vladislav Baytsayevə 11:5 hesabıyla qalib gələn Məhəmmədxan Məhəmmədov Avropa çempionu olub.

Oxunma sayı 491