Həftənin GÖRÜŞÜ - Həftə-reytinq

10:57 04.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilib. Görüşdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təmsil edib.

 

Həftənin MAAŞI

Milli Məclisin deputatı Tahir Mirkişili millət vəkillərinin maaşlarının artması məsələsinə aydınlıq gətirib. Parlamentin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin sözlərinə görə, deputatların maaşının 61 faiz artması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. O, bu artımın 33 faiz təşkil etdiyini vurğulayıb: “Yazılarda deputatların aylıq maaşının artaraq 4052 manatdan 6537 manata çatdığı iddia olunur. Deputatın artıma qədər ümumi (vergi və digər yığımlar ödənmədən) aylıq vəzifə maaşı 1733 manat idi, artımdan sonra isə 2491 manat olub. Deputatın əvvəl aldığı vəzifə maaşının 1 misli qədər əlavə, 50%-i qədər vergidən azad pul təminatı, illik 2 misli qədər müavinət və illik 2 misli qədər məzuniyyət pulları ləğv olundu.

 

Həftənin TERRORÇUSU

“Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahiri öldürülüb. Bunu açıqlamasında ABŞ Prezidenti Co Bayden təsdiqləyib. Adının çəkilməsini istəməyən Bayden administrasiyasının yüksək rütbəli rəsmisi isə ABŞ kəşfiyyatı tərəfindən Ayman əl-Zəvahirin yerinin bu ilin əvvəlində müəyyən edildiyini bildirib. Onun sözlərinə görə, aylarla onun hərəkətləri izlənilib və ailəsi ilə birlikdə Kabildə təhlükəsiz evdə yaşadığı müəyyən edilib. Qeyd edək ki, 71 yaşlı Ayman Əl-Zəvahiri ABŞ-da törədilən 11 sentyabr terror aktının təşkilatçısı olaraq bilinirdi. O, Usamə bin Ladenin məhv edilməsindən sonra “Əl-Qaidə”yə rəhbərlik edirdi.

 

Həftənin ÖLÜSÜ

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sonuncu sədri, 84 yaşlı Vadim Bakatin Moskvada vəfat edib. Qeyd edək ki, 1988-ci ildə Mixail Qorbaçov ona daxili işlər naziri vəzifəsini təklif edib və o, DİN rəhbəri olub. Bakatinin dövründə DTK bir neçə müstəqil xüsusi xidmət orqanlarına bölünüb. Lakin Bakatin buna qarşı olub. Xatırladaq ki, Vadim Bakatin 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə Bakıya qoşun yeridilməsinin əmrini verən şəxslərdən biri olub. Əməliyyata rəhbərlik etmək üçün həmin vaxt daxili işlər naziri olan Bakatin SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahında olub.

 

Həftənin GEDİŞİ

“Mixail Saakaşvili siyasətdən gedir və özünün yaratdığı “Vahid Milli Hərəkat” partiyasını tərk edir”. Bu barədə onun vəkili Valeri Qelbaxiani bildirib: “Siyasətdən getməsinin əsas səbəbi onun həyatını qorumaq və xilas etməkdir. İndi söhbət onun həyatından gedir, siyasətdən yox”. Qeyd edək ki, Saakaşvili hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında müalicə olunur.

 

Həftənin ÜZRÜ

Hollivud ulduzu Uill Smit mart ayında “Oskar” kino mükafatının təqdimetmə mərasimi zamanı yaşanan insidentə görə üzr istəyib. Uill Smit tədbirin aparıcısı aktyor Kris Roka şillə vurmasına görə üzr istəyib və bununla bağlı video lentə alıb.  Smit öz davranışının yolverilməz olduğunu vurğulayıb. O bildirib ki, Kris Rokla əlaqə yaradıb və onunla görüşməyi xahiş edib. K.Rok isə görüşdən imtina etsə də, Smitlə danışmağa hazır olduğu zaman bunu dilə gətirəcəyini qeyd edib.  Xatırladaq ki, sözügedən insident martın 28-i Los-Ancelesdə 94-cü “Oskar” kino mükafatının təqdimetmə mərasimi zamanı baş verib.

Oxunma sayı 548