Həftənin HƏDİYYƏSİ - Həftə-reytinq

10:44 29.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Əməkdar artist Aygün Bəylərə ev hədiyyə edib. İfaçı bunu Xəzər TV-də yayımlanan “Söhbət musiqidən gedir” verilişində öyrənib. Məsələ burasındadır ki, Aygün Bəylər bir neçə il öncə öz solo konsertini təşkil etmək üçün evini girov qoymuşdu. Lakin konsert “Günəşli” yatağında baş verən faciə ilə üst-üstə düşdüyündən bu, baş tutmamışdı. Nəticədə Aygün Bəylər həmin məbləği itirmişdi. “Bu gözəl gündə Heydər Əliyev Fondu və cənab Prezident sizi təbrik edir. Ev sizindir”, - aparıcı deyib.

 

Həftənin OLAYI

Böyük Britaniya Kralı III Çarlz kiçik qardaşı Şahzadə Endryunu Buhingem sarayından qovub. Buna səbəb hüquq müdafiəçisi Virciniya Cuffrenin Endryu tərəfindən cinsi istismara məruz qalması iddialarıdır. Böyük Britaniya Kralının sözlərinə görə, Şahzadə Krallıq öhdəliklərini yerinə yetirmir. Ona görə də artıq sarayda qala bilməz. Xatırladaq ki, hüquq müdafiəçisi Virciniya Cuffre Kral ailəsinin üzvünü məhkəməyə verərək, onu cinsi təcavüzdə ittiham edib. İkinci Elizabetin oğlu ona 12 milyon avro təzminat ödəyib.

 

Həftənin AÇIQLAMASI

“Bakı Dövlət Universitetinin (BDU) diplomunu Vasif Talıbova mən verməmişəm”. BDU-nun keçmiş rektoru (1996-1998-ci ildə) Misir Mərdanov bildirib. O, Naxçıvan Ali Məclisinin eks-sədri Vasif Talıbova BDU-nun saxta diplomunu verməsi barədə deyilənlərin doğru olmadığını vurğulayıb. “Mən BDU-da rektor olan zaman 15-16 fakültə, minlərlə tələbə olub. Tələbə təhsil alır, sonra ona diplomu müəssisə verir, rektor diplom vermir. Məncə, Vasif Talıbov universiteti bitirəndə mən artıq təhsil naziri idim. Ona görə də bu iddialar əsassızdır”, – Misir Mərdanov əlavə edib.

 

Həftənin ÜZÜYÜ

Dekabrın 26-sı Rusiyanın Sankt-Peterburq şəhərində MDB ölkələri liderlərinin qeyri-rəsmi sammiti keçirilib. Rusiya Prezidenti Vladimir Putin sammit iştirakçılarına xüsusi hazırlanmış üzük bağışlayıb. Onların arasında Azərbaycanın dövlət başçısı da var. Məlumata görə, ağ və sarı qızıl metala bənzəyən hər üzüyün üzərində MDB-nin simvolu və “2023-cü iliniz mübarək” sözləri yer alıb. Bununla yanaşı, üzüklərdə sammitin keçirildiyi Rusiyanın da adı qeyd olunub.

 

Həftənin CASUSU

"Bizdə olan məlumata görə, onlar Qərb kəşfiyyat orqanlarına işləyirlər". Bu barədə Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin məlumat yayıb. Borodin bildirib ki, Rusiyanın Xalq artisti Alla Puqaçova, rusiyalı rep ifaçısı Morqenştern, jurnalist Yuri Dud Qərb kəşfiyyat orqanlarına işləyirlər: "Hazırda onların Qərb ölkələri ilə əlaqəsini sübut edəcək rəsmi sənədlərin əlimizə keçməsini gözləyirik". Qeyd edək ki, Puqaçova ailəsi ilə birlikdə İsrailə köçüb.

 

Həftənin QONORARI

Məşhur amerikalı müğənni Beyonse 4 ildən sonra yenidən konsert verəcək. Müğənni Dubayda səhnəyə çıxacaq. Onun bu konsert üçün təxminən 41 milyon 106 min manat qonorar alacağı bildirilir. Qeyd edək ki, konsert yanvarın 21-ə planlaşdırılıb.

Oxunma sayı 10735