Həftənin “karantində qalan kəşfiyyat rəhbəri”

19:03 04.04.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İsraildə bir sıra vəzifəli şəxslər, o cümlədən  ölkənin əsas kəşfiyyat rəhbəri koronavirusa yoluxmuş Səhiyyə naziri ilə təmasda ola bildikləri üçün karantinə alındı.  

Aprelin 2-də “Mossad” direktoru Yosi Koen və Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabat da karantinə alınıb. Buna səbəb onların “Covid-19”  diaqnozu qoyulan Səhiyyə Naziri Yaakov Litsmanla təmasda olmaları ehtimalıdır. 

Eyni səbəbdən Səhiyyə Nazirliyinin baş direktoru Moşe Bar Siman-Tov və İctimai Sağlamlıq Xidmətinin rəhbəri Sigal Sadetski də karantinə alınıb.

Daha əvvəl məlum olub ki, müvəqqəti Baş nazir Benyamin Netanyahu koronavirus diaqnozu qoyulan Səhiyyə naziri Yakob Litzmanla görüşdən sonra yenidən karantinə alınıb. 

Xatırladılır ki, 2 apreldə, İsrailin Səhiyyə naziri Yaakov Litsman və həyat yoldaşı Havanın (Həvva)  koronavirusa yoluxduqları məlum olub.

Həftənin “şəhid tibb bacısı”

İngiltərənin “Uollsoll Manor” Xəstəxanasında işləyərək təhlükəli virusa qarşı mübarizənin ön cəbhəsində dayanan 36 yaşlı tibb bacısı Arima Nəsrin həlak oldu.

Bu haqda yerli “Dailymail” nəşri məlumat yayıb.   “COVID-19”-a yoluxmadan əvvəl heç bir sağlamlıq problemi olmayan müsəlman qadın və üç uşaq anası virusun ağırlaşması ortaya çıxdıqdan sonra mexaniki  havalandırma qurğusunda öz çalışdığı xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Mərhumun bacısının dediyinə görə, güclü və sağlam bir qadın olan Arima bir neçə gün ərzində ölümcül bir virusla qeyri-bərabər mübarizədə  şəhid olub.

Xəbərdə qeyd edilir ki, İngiltərədə epidemiya dövründə 6 tibb işçisi koronavirusdan vəfat edib. Onlardan 5-i müsəlman olub. Tibb bacısı Arima Nəsrindən əlavə, 25 martda 76 yaşlı doktor Həbib Zaidi, 28 martda 63 yaşlı doktor Adil Əl-Tayyar , 29 martda otolarinqoloq Amjid Əl-Havrani, 31 martda isə 68 yaşlı doktor Alfa Saadu həlak olub.

Allah rəhmət eləsin!

Həftənin “Kəlbəcər həsrətlisi”

Tanınmış ictimai xadim,  82 yaşlı sabiq deputat Maksim Musayev  mediaya açıqlamasında koronavirus pandemiyasının baş qatması nəticəsində Qarabağın, o cümlədən bu günlərdə işğalının 27-ci ildönümü tamamlanan Kəlbəcərin gündəmdən kənarda qalmasından narahatlığını ifadə etdi:

“Özümü evdə əla hiss edirəm. Qaydalara maksimum əməl etdiyim üçün xəstəliyə-filana yoluxmaqdan da ehtiyatlanmıram. Məni narahat edən əsas məsələ həmişə olduğu kimi, yenə işğal altındakı Qarabağ, 32 ildir geri dönə bilmədiyimiz Qərbi Azərbaycan, İrəvan, Göyçə, Basarkeçər, Dərələyəz torpalarıdır. Telekanallarımızı, saytlarımızı izləyirəm, nadir istisnalarla, Qarabağ mövzusu, təəssüf ki, gündəmdən kənarda qalıb. Elə bu günlərdə işğalının  ildönümünü yaşadığımız Kəlbəcərdən az danışılması, az yazılması məni çox narahat edir.  Heç bir xəstəlik-filan bizə torpaqlarımızı: Kəlbəcər kimi, Şuşa kimi, Laçın kimi cənnət-məkanlarımızı unutdura bilməz...”

Həftənin “maska-fob prezidenti”

ABŞ lideri Donald Tramp koronavirusdan qorunmaq üçün qoruyucu maska taxmaq niyyətində olmadığını söylədi.

“Bilirsiniz, Oval ofisdə, gözəl, möhtəşəm “Rezolyut” masasında oturub prezidentləri, baş nazirləri, diktatorları, padşahları, kraliçaları salamlayarkən maska taxmaq mənim üçün deyil. Bu yalnız bir tövsiyədir. Özümü yaxşı hiss edirəm. Mən, sadəcə, bunu etmək istəmirəm”- deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, o, fikrini dəyişə bilər. Amma “Covid-19” ətrafındakı gərgin vəziyyətin "çox qısa zamanda" bitəcəyinə ümid edir

Həftənin “koronaviruslu baş naziri”

Böyük Britaniyanın baş naziri Boris Conson bir həftəlik müalicədən sonra koronavirusdan sağalmadığını bildirdi. O, bunu özünün “tvitter” səhifəsində yazıb. Baş nazirin sözlərinə görə, özünü əvvəlki günlərdən daha yaxşı hiss etsə də, hələ də onda yüksək temperatur müşahidə olunur: “Düzdür, indi yeddi günlük özünütəcriddən sonra daha yaxşıyam. Amma hələ də xəstəliyin simptomlarından biri - temperatur qalmaqdadır. Buna görə də tövsiyələrə qulaq asaraq, yenə də həmin əlamət aradan qalxana qədər özümü ətraf mühitdən kənarlaşdırımağa davam edəcəyəm”.

Qeyd olunur ki, Böyük Britaniya hökumətində baş nazirdən başqa, taxt-tacın varisi şahzadə Çarlz, səhiyyə naziri Mett Henkok da “COVİD 19”-a yoluxanlar sırasında idi. Onların hər iksi artıq sağalıblar. 

Hazırda Şotlandiya üzrə nazir Alister Cek, ölkənin əsas sanitar həkimi Kris Uitti, baş nazirin birinci müşaviri Dominik Kamminqs koronavirusa görə təcrid vəziyyətində saxlanılırlar.

Həftənin “MDB-şünası”

“MDB vacib məsələlərin həlli meydanı üçün öz əhəmiyyətini itirir...”

Bunu “Mir” televiziyasına müsahibəsində Belarus Prezidenti Aleksandr Lukaşenko dedi. Onun sözlərinə görə, MDB artıq daha çox prezidentlərin görüşü, bəyanatların qəbulu üçün istifadə edilir. Bununla belə o, MDB-də kifayət qədər məhdudiyyətlərin olduğunu bildirib:

“Mərkəzi Asiya ölkələri Çinə tərəf baxırlar. Çin Mərkəzi Asiyaya yaxşı kömək edir, özünü doğru aparır. Çin onlara investisiyalarla, milyardlarla dollarla və digər şeylərlə kömək edə bilər. Son zamanlar milli eqoizm hər kəsi, o cümlədən Rusiyanı tutub. Bizi faktiki olaraq hissələrə ayırıblar”.

Həftənin “evdə oturan Xalq yazıçısı”

Xalq yazıçıçı Anar son müsahibəsində insanları özü kimi evdə oturaraq kitab oxurmağa çağırdı:

“Hamı təklif edir ki, insanlar evdə qalsınlar, başqaları ilə az ünsiyyətdə olsunlar, kənar yerlərdə olmasınlar, çalışıb bütün işlərini evlərində görsünlər, evdə qalsınlar. Mən də bu çağırışlara qoşularaq, evdə oturmuşam, digərlərinə də bunu məsləhət görürəm…

Evdə yaradıcılıqla məşğulam. Kitablarımı tərtib edib, yeni yazılarım üzərində işləyirəm. İnsanlara tövsiyə edirəm ki, çoxlu kitab oxusunlar – o cümlədən də mənim kitablarımı.

 

Oxunma sayı 738