Həftənin MƏRHUMU - Həftə-reytinq

16:28 04.11.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Ögey ana” filmində Solmaz obrazını canlandıran Almaz Məmmədova vəfat edib. Bu barədə onun yaxınları məlumat verib. Bildirilib ki, A.Məmmədova 80 yaşında dünyasını dəyişib. Qeyd edək ki, A.Məmmədova “Ögey ana”dan sonra heç bir filmdə çəkilməyib və həmişə mediadan uzaq olub.

 

Həftənin TƏNQİDİ

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini tənqid edib. Bayden bu barədə Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin Qlobal İqlim Dəyişikliyi üzrə 26-cı Konfransında çıxışı zamanı danışıb. “Rusiyada Putinlə eyni vəziyyət yaşanır. Onun da tundrası yanır. İqlimlə bağlı ciddi problemlər var. Amma o, susur”, - deyə ABŞ lideri bildirib.

 

Həftənin XƏSTƏSİ

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian koronavirusa yoluxub. İranın XİN başçısının COVID-19 testi müsbət çıxıb. Abdullahian hazırda özünü yaxşı hiss edir və distant şəkildə işləməyə davam edir.

 

Həftənin MERİ

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 30-da keçirilmiş təkrar seçkilərin bəzi dairələr üzrə ilkin nəticələrini açıqlayıb. Paytaxt Tbilisi üzrə yaradılmış 769 seçki məntəqəsinin 768-də və ya 99,87 faizində səslər sayılıb. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının namizədi Kaxa Kaladze 55,6 faiz səs toplayaraq yenidən Tbilisinin meri seçilib. Onun rəqibi – müxalif “Vahid Milli Hərəkat” partiyasının namizədi Nika Meliya isə 44,4 faiz səs toplayıb.

 

Həftənin MƏŞQÇİSİ

AFFA bu ilin sonunda Azərbaycan millisinin baş məşqçisi postundan göndəriləcək Canni De Byazi üçün artıq əvəzləyici tapıb. Federasiya italiyalı mütəxəssisin yerinə türkiyəli Okan Buruku gətirmək istəyir. Bu barədə məlumatı “Milliyet” nəşri yayıb. Bildirilib ki, AFFA Okan Burukla 2+2 illik müqavilə imzalamaq istəyir. Artıq tərəflər arasında İstanbulda görüşmələr də baş tutub. Dünya çempionatının seçmə mərhələsi başa çatdıqdan sonra De Byazi göndəriləcək və Okan Buruk millinin baş məşqçisi olacaq.

 

Həftənin SERİALI

Türkiyənin ATV telekanalında yayımlanan “Eşkiya Dünyaya Hükümdar olmaz” teleserialı bitib. Bunu serialın baş rol oyunçusu Oktay Kaynarca İnstaqram hesabında elan edib. Həftələrdir reklam edilsə də, keçən çərşənbə axşamı serial yayımlanmamışdı. Serialın prodüserləri ilə ATV rəhbərliyi arasında problemlər olduğu iddia edilmişdi.

Oxunma sayı 276