Xalq artisti Ramiz Novruz vəfat edib. Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. Məlumata görə, aktyor 67 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Ramiz Novruzov 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. O, 1998-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb. Sənətkar xərçəng xəstəliyindən əziyyət çəkirdi. Allah rəhmət eləsin!
Həftənin SƏFƏRİ
ABŞ Prezidenti Co Bayden bu gün gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib. Ukrayna Prezidenti Volodimir Zelenski və xanımı Yelena Zelenskayanın Baydeni qarşıladığı anlar maraqla qarşılanıb. Belə ki, Baydenin Yelena Zelenskaya ilə səmimi söhbəti kameraların diqqətindən yayınmayıb.
Həftənin İDDİASI
ABŞ-nin keçmiş Prezidenti Donald Tramp yenidən dövlət başçısı seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni 24 saat ərzində həll edəcəyini vəd edib. Tramp bu barədə Florida ştatında tərəfdarları qarşısında çıxış edərkən danışıb. Onun sözlərinə görə, prezident seçkilərində qələbə qazandığı məlum olan kimi Rusiya və Ukrayna Prezidentləri Vladimir Putinlə Volodimir Zelenskiyə zəng edəcək: “Mən onlara deyəcəyəm: “Biz görüşməliyik”. Bu məsələni həll edə biləcəyimə zəmanət verirəm. Biz 24 saat ərzində saziş imzalayacağıq”.
Həftənin XİLASKARI
Türkiyədəki zəlzələlərdən sonra İstanbula qayıdan bir qrup xilasedici fəaliyyətləri boyu ən təsirli xatirələrini bölüşüblər. Onlardan biri onun üçün ən həssas hadisəni danışaraq bildirib ki, işlədiyi qrup dağıntılar altındakı boşluqdan havaya qalxan tutuquşunu görüb ora yaxınlaşıb. Axtarış-xilasetmə qrupları həmin boşluqda 30 yaşlı ana və 3 yaşlı qızının qaldığını görüblər. Onlar Büşra Özdemiri və qızı Nur Simanı dağıntılar altından çıxara biliblər. Ana və qız sağ-salamat qalsalar da, ailənin digər övladı həlak olub.
Həftənin VƏSİYYƏTİ
Türkiyəli müğənni Yıldız Tilbe açıqlaması ilə diqqət çəkib. O, öləndən sonra dəfninə siyasətçilərin buraxılmamasını istəyib. “Mən öləndə dəfnimdə bir siyasətçi belə istəmirəm, gəlməsinlər. Dəfnimə gələrkən cibinizə dəmir qəpik böyüklüyündə daşlar qoyun. Bir siyasətçi gələrsə, daşlayın, getməzlərsə, mən Allahın izni ilə qalxaram, bəlkə bir neçəsini özümlə apararam. Heç birini istəmirəm”, – Tilbe tvitterdə yazıb . Sosial şəbəkə izləyiciləri müğənninin sözlərindən təəccübləniblər, ona uzun ömür arzulayıblar.
Həftənin MƏHKUMU
Tanınmış prodüser Təranə Səmədova həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. T.Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı. 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı.