Həftənin NAZİRİ - Həftə-reytinq

11:16 05.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks Şuşaya səfər edib. Bununla da Pabriks türkiyəli həmkarı Hulusi Akardan sonra Azərbaycanın mədəniyyət paytaxtına səfər edən ikinci xarici ölkənin müdafiə naziri olub. Artis Pabrikis Şuşada latviyalı rəssamların atlara həsr olunan sərgisinə qatılıb.

 

Həftənin XƏBƏRDARLIĞI

“Microsoft”un yaradıcısı Bill Qeyts pandemiya və Ümumdünya Səhiyyə Təşkilatı ilə bağlı açıqlamalar verib. O qeyd edib ki,indiki ÜST fondu pandemiya məsələsində qətiyyən ciddi deyil. “Biz hələ də bu pandemiyanın daha yoluxucu və daha ölümcül variantının yaranması riski altındayıq. Mənə elə gəlir ki, biz bu faciəni görə bilmirik və dünya adına səy göstərmirik”.

 

Həftənin GƏLİNİ

Ukraynadakı müharibədə minaya düşərək ayaqlarını itirən 23 yaşlı tibb bacısı sevgilisi ilə ailə həyatı qurub. 23 yaşlı Oksana möcüzə nəticəsində sağ qalıb. O, hazırda Lvovda reabilitasiyadan keçir. Lakin gənc qadın xoşbəxtliyini təxirə salmamaq qərarına gəlib və həyatını palatada Viktorla birləşdirib.

 

Həftənin ÇEMPİONU

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün qalibi müəyyənləşib. Bu, 25-ci turda reallaşıb. Belə ki, cari turda “Qarabağ” öz meydanında “Sabah” bərabərə (1:1) qalaraq vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib. Bu, Ağdam təmsilçisinin sayca 9-cu çempionluğudur.

 

Həftənin TOYU

Türkiyəli müğənni Hadisə nişanlısı Mehmet Dinçerlerlə evlənib. Bu barədə hafta.az-a Türkiyə mətbuatına istinadən xəbər verir. Bildirilib ki, toy bu gün İstanbulda, Çırağan sarayında baş tutub.  Nikah cütlüyün ailəsi arasında keçirilib.

 

Həftənin İTKİSİ

"AliExpress"in sahibi olan texnologiya nəhəng "Alibaba"nın səhmləri kəskin şəkildə ucuzlaşıb. Buna səbəb şirkətin qurucusu Cek Ma ilə bağlı yayılan xəbərlər olub. Belə ki, iş adamının Çin Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldığı və ona qarşı müəyyən məhdudiyyətlərin qoyulduğu bildirlib. Sonradan məlum olub  ki, söhbət digər şəxsdən gedib və onunla biznesmenin soyadı arasında yalnız heroqlif fərqi olub. Bu yanlışlıq ucbatından "Alibaba"nın səhmləri 9,4% ucuzlaşaraq şirkətin kapitallaşmasının 26 milyard dollar azalmasına səbəb olub.

 

Həftənin DƏYİŞİMİ

Azərbaycanlı xanımla evlənən Van Dammın oğlu Kristofer Van Varenberq  yeni imici ilə diqqət çəkib. Kristoferin sosial mediada izləyiciləri ilə bölüşdüyü son fotolarda saçlarını sarı rəngə boyadığı görünür. Qeyd edək ki, Kris və azərbaycanlı pianoçu Suada Hacızadə ötən il nikah bağlayıb. Suada Hacızadə Prezident mükafatçısıdır, yeddi dəfə beynəlxalq musiqi müsabiqəsinin laureatı olub.

Oxunma sayı 44