Həftənin QADAĞASI - Həftə-reytinq

11:43 23.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna parlamenti rus kitablarına və musiqisinə bir sıra qadağalar tətbiq edib. Parlament bu barədə iki qanunu qəbul edib. Qanuna əsasən, Rusiya vətəndaşları Rusiya pasportundan imtina edib Ukrayna vətəndaşlığını qəbul etmədikcə kitab çap edə bilməyəcək. Qadağa yalnız 1991-ci ildən sonra Rusiya vətəndaşlığı olanlara şamil ediləcək. Ukrayna, həmçinin Rusiya, Belarus və işğal olunmuş Ukrayna ərazisində çap olunan kitabların idxalını qadağan edəcək, eyni zamanda üçüncü ölkələrdən rus dilində olan kitabların idxalı üçün xüsusi icazə tələb olunacaq. Digər qanunla 1991-ci ildən sonra Rusiya vətəndaşı olan şəxslərin mediada və ictimai nəqliyyatda musiqi ifa etməsi qadağan ediləcək.

 

Həftənin MƏRHUMU

Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) sabiq prezidenti Eldar Salayev vəfat edib.   Eldar Salayev 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlib. O 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professordur. Eldar Salayev 1980-ci ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. O 1983–1997-ci illərdə Azərbaycan EA-nın Prezidenti olub. Eldar Salayev 1997-ci ildə “Şöhrət” ordeninə layiq görülüb.

 

Həftənin DƏLƏDUZU

Lənkəranda dələduzluq edən qadın saxlanılıb. Bakı şəhər sakini Lalə Zeynalova rayonda vətəndaşları aldadaraq pullarını ələ keçirib. Araşdırmalar zamanı məlum olub ki, L.Zeynalova Lənkəranda ümumilikdə 17 nəfərin etibarından istifadə edərək yüksək məvacibli işlə təmin olunmaq və digər məsələlər barədə vədlər verməklə ayrı-ayrı məbləğlərdə pulu mənimsəyib.

 

Həftənin İMTİNASI

Böyük Britaniya Rusiya nümayəndə heyətinə ATƏT-in Parlament Assambleyasının növbəti sessiyasında iştirak etmək üçün viza verməkdən imtina edib. Bu barədə məlumatı rusiyalı senator Vladimir Cabarov açıqlayıb. Onun sözlərinə görə, buna baxmayaraq, Rusiya ATƏT-in Parlament Assambleyasından çıxmağı məqsədəuyğun hesab etmir.

 

Həftənin QƏZASI

İspaniyanın Mayorka adasında “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldoya məxsus “Bugatti Veyron” qəzaya uğrayıb. Ailəsi ilə birlikdə Mayorkada istirahət edən Ronaldo qəza zamanı hadisə yerində olmayıb. Avtomobili Ronaldonun köməkçisi idarə edib. Sürücü idarəetməni itirib, ikinci dərəcəli yoldan çıxıb və avtomobil yaşayış binasının yanındakı divara çırpılıb. Qeyd edək ki, 400 km/saatdan çox sürətə çata bilən avtomobilin qiyməti təxminən 2 milyon avrodur.

 

Həftənin TOYU

Bir neçə gün əvvəl Bakıda baş tutan dəbdəbəli toyun görüntüləri sosial şəbəkələrdə böyük marağa səbəb olub. Videodakı avtomobillərin, eləcə də onların dövlət nömrə nişanlarının yetərincə bahalı olduğu görünür. Toy paytaxtın ən elit məkanların birində baş tutub. Tədbirdə Ukraynanın Əməkdar artisti Svetlana Loboda, gürcü müğənni Dato, Xalq artistləri Zülfiyyə Xanbabayeva, Natiq Şirinov və rəhbərlik etdiyi “Natiq” ritm qrupu, Əməkdar artist Xəyyam Nisanov və başqaları çıxış ediblər. Toyu olan Emil Telman adlı biznesmenin oğludur. Ailə uzun müddətdir Qazaxıstanda yaşayır. Emilin ailə qurduğu Aysel isə Azərbaycanda yaşayır.

Oxunma sayı 426