Həftənin QƏLƏBƏSİ - Həftə-reytinq

12:05 11.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Azərbaycan çempionu buna Macarıstan “Ferensvaroş”unu qitənin ən nüfuzlu klub turnirindən kənarlaşdırmaqla nail olub. Ötən həftə III təsnifat mərhələsinin Bakıdakı ilk görüşündə 1:1 hesablı heç-heçə ilə kifayətlənən Ağdam klubu cütün taleyini səfərdə həll edib. Qurban Qurbanovun yetirmələri Budapeştdə səfərdən qələbə ilə ayrılıb - 3:1.

 

Həftənin CAVABI

“Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının fəaliyyətinin detallarını dəqiqləşdirməklə bağlı təkliflərini hələ görməyib”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Bu suala cavab vermək mənim üçün çətindir. Çünki biz Ermənistanın Baş nazirinin Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatı kontekstində müzakirəyə çıxarmaq istədiyi konkret təklifləri görməmişik”, - deyə o əlavə edib.

 

Həftənin ŞÜBHƏLİSİ

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın sabiq Prezidenti Donald Trampın Floridada yerləşən “Mar-a-Laqo” malikanəsində axtarış aparıb. Bu barədə “Reuters” məlumat yayıb. Bildirilib ki, o, bunu 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı ilə əlaqələndirib. “The New York Times” yazır ki, FTB əməkdaşları Trampın mülkündə keçirilən əməliyyat zamanı onun dövlət başçısı postunu tərk edərkən Ağ Evdən götürdüyü sənədləri axtara bilər.

 

Həftənin VİRUSU

Çin və Sinqapur alimləri insanlara və heyvanlara keçə bilən yeni henipavirus növünü aşkar ediblər. Bu barədə Çinin “Paper” informasiya portalı məlumat yayıb. Bildirilib ki, virusa “Lanye” adı verilib. Hazırda bu virusa ən azı 35 nəfər yoluxub. Onlarda hərarət, yorğunluq, öskürək, iştahsızlıq, əzələ ağrısı, ürəkbulanma və digər simptomlar müşahidə olunub. Hazırda henipavirusa qarşı peyvənd yoxdur.

 

Həftənin RƏİSİ

Şəmkir Rayon Polis Şöbəsinin Kür qəsəbəsinin bölməsinin rəisi ağır qəza törədib. Bölmə rəisi, polis polkovniki Ədalət Sadıqov idarə etdiyi “KİA” markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Nəticədə rayonun Aşağı Quşçu kənd sakini, 26 yaşlı gənc şəxs xəstəxanaya aparılarkən yolda ölüb. Bildirilir ki, hadisə Bakı-Qazax magistralında piyada keçidinin olmadığı yerdə baş verib. Faktla bağlı araşdırma aparılır.

 

Həftənin TƏLƏBƏSİ

 I ixtisas qrupu üzrə açıqlanan imtahan nəticələrində ən yüksək bal toplamış məzunlardan biri də Əlizadə Nihatdır. Nihat I qrup görmə məhdudiyyətli şagirddir. O, Sağlamlıq İmkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika İnternat Məktəbində təhsil alıb. Nihat 596 bal toplayıb. O, fizika fənnindən 27 test tapşırığına doğru cavab yazıb.