Həftənin RÜTBƏLİSİ - Həftə-reytinq

13:17 25.11.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev general-leytenant Kərim Vəliyevlə bağlı sərəncam imzalayıb.  Sərəncama əsasən, Kərim Tofiq oğlu Vəliyevə “general-polkovnik” ali hərbi rütbəsi verilib.  Kərim Vəliyev Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavinidir.

 

Həftənin TƏHVİL-TƏSLİMİ

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev hakim “Nur Otan” partiyasının sədrliyindən gedir. Bu barədə məlumatı keçmiş Prezidentin mətbuat katibi Aydos Ukibay açıqlayıb. Nursultan Nazarbayev sözügedən partiyanın sədrinin səlahiyyətlərinin ölkə Prezidenti Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib. Qeyd edək ki, 30 ilə yaxın müddətdə Qazaxıstana rəhbərlik edən Nazarbayev 2019-cu il martın 20-də prezident postundan getsə də, Təhlükəsizlik Şurasının rəhbəri və “Nur Otan” partiyasının lideri postlarını qoruyub saxlamışdı.

 

Həftənin MƏHKUMU

ABŞ-ın Kansan şəhərində üç cinayət işlədiyinə görə, 43 il həbs yatan Kevin Strickland azadlığa buraxılıb. 1979-cu ildə ömürlük həbs cəzasına məhkum edilən şəxsin bəhs edilən cinayətləri törətdiyini sübuta yetirən faktlar aşkarlanmayıb. Məsələ burasındadır ki, Stricklanda qarşı şahid qismində çıxış edən şəxs də ifadəsini dəyişdirib və əvvəlkini polisin təzyiqi altında verdiyini bildirib. 19 yaşında ikən həbs edilən və 62 yaşında azadlığa buraxılan Strickland, ABŞ tarixində haqsız yerə ən uzun müddət həbsdə yatan şəxslərdən biri olub.

 

Həftənin QADAĞASI

Gürcüstanda onlayn kazinolar qadağan oluna bilər. Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib. Qaribaşvili onlayn kazinoların qadağan olunmasının vacibliyini vurğulayıb və bildirib ki, Gürcüstanda qumar aludəçilərinin böyük əksəriyyəti işsiz və ehtiyac içərisində olan insanlardır. Baş nazir, həmçinin vurğulayıb ki, onlayn kazinoların fəaliyyəti nəticəsində Gürcüstan artıq 1,5 milyard lari itirib, çünkü bu şirkətlərin əksəriyyəti xarici şirkətlərdir.

 

Həftənin ÇAĞIRIŞI

Ermənistanda məktəb müəllimi Baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı zorakılığa çağırışda ittiham olunub. İşin materiallarına görə, təqsirləndirilən şəxs İrəvan məktəbinin tarix müəllimi Akop Qriqoryandır: “2021-ci il mayın 21-də 7-ci sinif şagirdləri üçün tarix dərsi keçərkən, xidməti vəzifəsindən istifadə edərək, şagirdlərin iştirakı ilə o (Qriqoryan) Baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı ictimai çağırışlar səsləndirərək deyib ki, Nikol Paşinyanı öldürmək, ailəsini isə yandırmaq lazımdır”. Tarix müəlliminə qarşı cinayət işi başlanılıb.

 

Həftənin TƏYİNATI

Azərbaycan Cüdo Federasiyasına (ACF) yeni baş katib təyin olunub. ACF İcraiyyə Komitəsi bu vəzifəni Rəşad Rəsulluya həvalə edib. O, yeni vəzifədə Elmar Babanlını əvəzləyib. Qeyd edək ki, Rəşad Rəsullu Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Əmək fəaliyyətinə Mərkəzi Bankda başlayan R.Rəsullu karyerası dövründə ölkə daxilində və xaricində müxtəlif qurumlarda aparıcı və rəhbər vəzifələrdə çalışıb.

 

Həftənin NAMİZƏDİ

“Grammy-2022” namizədlərinin siyahısı açıqlanıb. Nominasiyalar üzrə lider caz ifaçısı Con Batist olub. O, 11 kateqoriyada yer alıb. Castin Biber, Doja Cat və H.E.R.-in hər biri isə 8 nominasiyada yarışacaq. Əsas musiqi mükafatı uğrunda son 40 ildə ilk dəfə yeni albom buraxan İsveçin ABBA qrupu da mübarizə aparacaq. Qeyd edək ki, təntənəli mərasim 2022-ci il yanvarın 31-də baş tutacaq. 

Oxunma sayı 375