Milli Məclisin deputatları Ermənistan paytaxtı İrəvana səfər ediblər. Deputatlar Tahir Mirkişili və Soltan Məmmədov sabah İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak ediblər. Xatırladaq ki, AVRONEST Parlament Assambleyası bürosunun və komitələrinin iclası 19-22 fevral tarixlərində İrəvanda keçirilib.
Həftənin QƏRARI
Rusiya Prezidenti Vladimir Putin qondarma "LXR" və "DXR"nin müstəqilliklərinin tanınması haqqında fərman imzalayıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. O, eyni zamanda həmin respublikalarla əməkdaşlıq haqqında da fərman imzalayıb.
Həftənin HƏDƏSİ
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Şimal axını 2”nin sertifikatlaşdırılmasının dayandırılmasından sonra Avropanın min kubmetr qaz üçün 2000 avro ödəməli olacağını bildirib. Bu barədə o, Tvitter səhifəsində yazıb: “Almaniya kansleri Olaf Şolts “Şimal axını 2” qaz kəmərinin sertifikatlaşdırılmasını dayandırmağı tapşırıb. Yaxşı. Avropalıların tezliklə qazın min kubmetri üçün 2000 avro ödəyəcəkləri yeni dünyaya xoş gəlmisiniz!”
Həftənin QALİBİ
Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Premyer Liqa turnirinin qalibi olub. 68 kq-da çıxış edən idmançı finalda italiyalı Silvia Semeraro ilə qarşılaşıb. Rəqibinə 5:2 hesabı ilə qalib gələn Zaretska qızıl medala sahib çıxıb.
Həftənin VİZASIZI
Norveçə səfər etməli olan “Avroviziya-2021” təmsilçimiz, müğənni Samirə Əfəndiyə viza verilməyib. Bunu “Wiwibloggs.com”a müsahibəsində Norveçin “Avroviziya-2021” təmsilçisi Tiks deyib. Onun sözlərinə görə, S. Əfəndi Norveçin “Avroviziya” milli seçim turunda – “Melodi Grand Prix 2022”də xüsusi qonaq qismində iştirak etməli idi: “Biletlər alınmışdı, o mənimlə səhnədə olmalı idi...”.
Həftənin TƏMİRİ
Sumqayıtda dəhşətli qəzanın baş verdiyi yolda təmir işləri aparılıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, işlər Bakı-Quba-Rusiya yolunun H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində aparılır. Burada olan çökəkliklərə asfalt döşənir. Bunun üçün əraziyə xüsusi texnika cəlb edilib. Xatırladaq ki, yolun bu hissəsində, fevralın 17-də avtomobil körpüdən aşıb. Nəticədə sürücü, 37 yaşlı Seymur Əliyev, onun həyat yoldaşı 23 yaşlı Fidan Ələkbərova və bir yaşlı övladları Həmzə Əliyev hadisə yerində ölüblər.