Həftənin ŞÖHRƏTLİSİ - Həftə-reytinq

13:30 07.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Vahid Əhmədovla bağlı sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Qazməmməd oğlu Əhmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Qeyd edək ki, millət vəkili Vahid Əhmədovun 75 yaşı tamam olub.

 

Həftənin HÖKMÜ

Külli miqdarda rüşvət alma ittihamı ilə həbs edilən yazıçı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Həftənin TƏKZİBİ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Buça ilə bağlı xəbərlərin uydurulduğunu və Qərb mediası tərəfindən Rusiya-Ukrayna danışıqlarını pozmaq üçün “saxta” məlumatlar yayıldığını bildirib. Lavrovun sözlərinə görə, Ukrayna tərəfi ilk dəfə olaraq öz dövlətini neytral, bloksuz, nüvəsiz elan etməyə hazır olduğunu kağıza köçürdükdən sonra təxribat təşkil olunub.

 

Həftənin YOLUXMASI

Böyük Britaniyada 60-dan çox uşaq “Kinder Surprise” adlı yumurta formalı şokoladlardan salmonellaya (təhlükəli qida infeksiyası) yoluxub. Bu barədə İngiltərə Qida Standartları Agentliyi (FSA) açıqlama yayıb. Bildirilib ki, müəyyən ölçülərdə və qablaşdırmada olan “Kinder Surprise” məhsullarının geri çağırılması qərara alınıb. “Kinder Surprise” istehsal edən “Ferrero” şirkəti də açıqlamasında son istifadə tarixləri olan məhsulların yeyilməməsi və geri qaytarılmasını istəyib.

 

Həftənin MƏHKUMU

İrəvan məhkəməsi Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan barəsində həbs qərarı çıxarıb. O, iki ay müddətinə həbs edilib. Böyük korrupsiya işinin tərkib hissəsi kimi daha səkkiz müttəhimə qarşı ittiham irəli sürülüb. On nəfər şübhəli şəxs qismində saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, Piloyan köməkçisi A.X-nin köməyi ilə nazirliklə əməkdaşlıq edən şirkətdən külli miqdarda rüşvət alıb.

 

Həftənin REKORDU

Azərbaycanın yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.  Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və ikiqat Avropa çempionu olan güləşçimiz həlledici görüşdə Gela Bolkvadze ilə (Gürcüstan) qarşılaşıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn Hüseynov, karyerasında üçüncü dəfə qızıl medal qazanıb. Bu Azərbaycanın yunan-roma güləşi tarixində rekorddur.

 

Həftənin ETİRAFI

“İstanbulu ürəyim istədiyi kimi gəzmək istəyirəm, amma alınmır”. Bu sözləri türkiyəli pop-ulduz Ajda Pekkan deyib. Müğənni məşhurluğu səbəbindən heç vaxt metroya minmədiyini etiraf edib: “Məsələn, Kapalıçarşını, Tahtakaleni, Perşembe bazarını və ya Galatanı gəzmək istəyirəm, amma uzun illərdir buralara getmirəm. Metrobus, İDO-ya heç minməmişəm, çox maraqlı gəlir. Metroya da heç minməmişəm. Paroxoda da çox istəyirəm minim. Atam dəniz qüvvələrində polkovnik idi, uşaqlığımda onunla minirdik. O günləri hələ də xatırlayıram”. 

Oxunma sayı 488