Həftənin TƏBRİKİ - Həftə-reytinq

11:18 14.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

UEFA “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu 50 yaşının tamam olması münasibəti ilə təbrik edib. Bu barədə qurumun rəsmi Tvitter hesabında paylaşım olunub. UEFA  “Qarabağ”ın bu mövsüm Konfrans Liqasındakı çıxışından hazırlanan videonu izləyicilərlə bölüşüb. Qurum paylaşımı belə şərh edib: ““Qarabağ” uzunmüddətli baş məşqçisi, Azərbaycan futbolunun yaşayan əfsanəsi Qurban Qurbanovun 50 yaşı tamam olur”.

 

Həftənin CƏRİMƏLİSİ

Böyük Britaniyanın Baş naziri Boris Conson və həyat yoldaşı Kerri Conson koronavirusla bağlı pandemiya qaydalarını pozduqlarına görə cərimələnəcəklər. London polisi Covid-19 səbəbilə elan edilən karantin dövründə keçirilən əyləncələrlə bağlı araşdırma çərçivəsində daha 30 nəfərin cərimələnəcəyini açıqlayıb. Bu siyahıda maliyyə naziri Rişi Sunakın da adı var. Qeyd edək ki, hər üç şəxsin adı 2020-ci ilin iyun ayında keçirilən ad günü əyləncəsində iştirak etməkdə hallanır.

 

Həftənin QADAĞASI

ABŞ Kino Akademiyası amerikalı aktyor Uill Smitə “Oskar” mükafatının təqdimatı mərasimi də daxil olmaqla, 10 il ərzində öz tədbirlərinə qadağa qoyub. Bu barədə ABŞ Kino Sənətləri və Elmləri Akademiyasının prezidenti və baş icraçı direktoru Devid Rubinlə Don Hudson açıqlama verib. Bildirilib ki, 94-cü “Oskar” mükafatının təqdimatı mərasimi 2021-ci ildə inanılmaz iş görən çoxsaylı insanların bayramı olmalı idi: “Lakin Smitin səhnədə nümayiş etdirdiyi yersiz və zərərli davranış bu məqama kölgə saldı”.

 

Həftənin TƏYİNATI

Vətən Müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova 226 saylı məktəbə direktor təyin olunub. Bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Onun direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edərək uğurlu nəticə əldə etdiyi bildirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən faktı saytımıza təsdiqləyiblər. A. Məmmədova bundan əvvəl 252 saylı məktəb-liseydə təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

 

Həftənin MƏHKUMU

Aprelin 12-si rusiyayönümlü mövqeyi ilə tanınan ukraynalı siyasətçi Viktor Medvedçuk Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesabında Medvedçukun əlləri qandallı fotolarını paylaşıb. Zelenski Rusiya tərəfinə dünən saxlanılan rusiyayönümlü ukraynalı siyasətçi Viktor Medvedçuku əsir götürülən ukraynalılar ilə dəyişməyi təklif edib.

 

Həftənin İŞSİZİ

Rusiyanın “Birinci kanal”ının keçmiş redaktoru Marina Ovsyannikova Almaniyanın tanınmış “Die Welt” qəzetində işə başlayıb. O, qəzet üçün frilans müxbir kimi çalışacaq, Rusiya və Ukraynadakı hadisələri işıqlandıracaq. Qeyd edək ki, M. Ovsyannikova martın 14-də xəbərlər proqramının canlı yayımı zamanı studiyada kameralar qarşısına çıxaraq, üstündə “Müharibəyə yox” sözləri yazılmış plakat açıb. Onun barəsində iki cinayət işi açılıb: razılaşdırılmamış aksiya təşkil etmə və Rusiya ordusu haqda feyk yayma.