“Zəngəzur dəhlizinin açılması siyasi bir məsələdir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan onunla görüşmək istəyən erməni Baş nazir Nikol Paşinyana şərtini irəli sürüb: “Tayyib Ərdoğanla görüşməyi arzu edirsənsə, müəyyən addımlar atmalısan. Görüşlərə qapalı deyilik, ancaq müsbət bir yanaşma göstərib bəlli addımlar atılmalıdır. Gürcüstanın Baş naziri Paşinyanın dialoq təklifini mənə çatdırıb. Əgər bu mövzuda səmimidirsə, mən də səmimiyyətimi ortaya qoyaram və diplomatiyanı buradan başladarıq. İnşallah, Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik dəhlizlərin açılması ilə aradan qalxar”.
Həftənin TƏLƏBİ
“Taliban” BMT-yə məktub göndərərək, BMT Baş Assambleyası iclaslarına qatılmaq tələbini irəli sürüb və təşkilatın sözçülərindən Suheyl Şahini BMT yanında daimi nümayəndəliyə namizəd göstərib. Bu barədə məlumatı “Anadolu” agentliyi BMT-dəki qaynaqlarına istinadən yayıb. Bildirilib ki, məktubu “Taliban” müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Əmirxan Muttaki göndərib və BMT-də keçmiş hökumətin yox, onların təmsil olunmasının vacibliyini vurğulayıb. Qeyd edək ki, ölkələr BMT yanında daimi nümayəndə namizədlərinin adını təşkilata göndərdikdən sonra BMT Baş Assambleyasının Akkreditasiya Komitəsi tərəfindən təsdiqlənir. Hazırda BMT-də Əfqanıstanı keçmiş hökumətin BMT yanında daimi nümayəndəsi Qulam İsakzai təmsil edir.
Həftənin QADAĞASI
Məhkəmə Ermənistanın sabiq prezidenti, müxalif “Ermənistan” blokunun rəhbəri Robert Koçaryana ölkə xaricinə çıxmağa qadağa qoyub. Bununla da bir həftə əvvəl Rusiyanın hakim “Vahid Rusiya” partiyası tərəfindən dəvət alan Koçaryanın Moskva səfəri də baş tutmayıb. Görüş 19 sentyabra planlaşdırılmışdı. “Ermənistan” blokunun bəyanatına görə, məhkəmə qadağaya hər hansı səbəb göstərməyib. “Biz “Ermənistan” blokunun siyasi fəaliyyətini məhdudlaşdırmaq üçün hökumətin məhkəməyə təzyiqinin daha bir nümunəsinin şahidi oluruq”, - deyə bəyanatda bildirilir.
Həftənin TƏLİMİ
Sentyabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, birgə təlimlərin başa çatması münasibəti ilə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev hərbi qulluqçuları təbrik edib.
Həftənin MƏĞLUBİYYƏTİ
Qadınlardan ibarət Azərbaycan milli komandası dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk ev oyununu keçirib. Siyasət Əsgərovun komandası Bakıda Danimarka yığmasını qəbul edib. Görüş qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb - 8:0. Qeyd edək ki, ilk görüşdə Rusiyaya 0:2 hesabı ilə uduzan millimiz növbəti oyununu oktyabrın 21-də səfərdə Monteneqroya qarşı keçirəcək.
Həftənin ETİRAFI
TV 8-in rəhbəri Acun Ilıcalı Azərbaycan əsilli olduğunu açıqlayıb. Bu barədə o, sahibi olduğu telekanalda yayımlanan “2. Sayfa” verilişində qonaq olarkən bildirib. Heç bir estetik əməliyyat keçirməyən tanınmış sima bunu genetik şansla əlaqələndirib: “Estetik etdirməmişəm. Ailədən qaynaqlanan avantaj ola bilər. Məncə, bir az genetik şansdır. Atalarımızda Azərbaycandan gəlmə kökümüz var. Bəlkə, bundandır. Dünyanın ən sağlam adamı deyiləm. Amma yaşıma görə pis görünmürəm, yaxşıyam”.