Həftənin TƏLTİFİ - Həftə-reytinq

14:36 02.09.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.  Mükafata layiq görülənlər arasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də var. E. Mirzəyev “İgidliyə görə” medalı ilə təltif olunub. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Türkiyədə meşə yanğınlarının söndürülməsində və fəlakət zonasında zəruri axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşları təltif ediliblər.

 

Həftənin QALİBLƏRİ

Üzgüçümüz Vəli İsrafilov “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. Hazırda Azərbaycan komandasının hesabında 16 medal var. Onlardan 11-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medallara sahib olublar. Yüz metr məsafəyə arxası üstə və sərbəst üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizəatma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

 

Həftənin ETİRAFI

“2020-ci il noyabrın 9-da üç ölkə lideri tərəfindən imzalanan bəyanatda söhbət həmin vaxtda əsirlikdə olan şəxslərin azad olunmasından gedirdi”. Bunu Rusiyanın xarici işlər naziri Seygey Lavrov bu gün Moskvada keçirilən mətbuat konfransı zamanı deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda olan erməni hərbçilər 9 noyabr bəyanatından sonra, noyabr ayının sonlarında saxlanılıblar.

 

Həftənin SƏHVİ

Roma Papası Fransisk Əfqanıstandakı vəziyyətdən danışarkən səhvən Rusiya Prezidenti Vladimir Putindən sitat gətirib. Hadisə Roma Papasının ispan radiosuna müsahibəsi zamanı baş verib. Belə ki, Fransisk Əfqanıstandan danışarkən Almaniya Kansleri Angela Merkelin sözlərinin ona çox toxunduğunu qeyd edib. Lakin əslində sözügedən sitatı Vladimir Putin deyib. “O, belə dedi və ümid edirəm ki, tərcüməsi düzdür: Kənardan məsuliyyətsiz müdaxilə siyasətinə və xalqın ənənələrini görməzdən gələrək digər ölkələrdə demokratiya qurmağa son qoymaq lazımdır. Hər kəs bunu özü bildiyi şəkildə anlaya bilər, lakin mən bu qadının sözlərində müdriklik görürəm”, - deyə Roma Papası vurğulayıb. Əslində isə bu cümlələri Angela Merkel ilə görüşündə Vladimir Putin səsləndirib.

 

Həftənin FUTBOLÇUSU

İngiltərənin “Mançester Yunayted” klubu portuqaliyalı ulduz Kriştianu Ronaldo ilə müqaviləni rəsmiləşdirib. Tərəflər arasında 2+1 il müddətinə müqavilə imzalanıb. “Yuventus” klubunun məlumatına görə, “Mançester Yunayted” Ronaldonun transferi üçün 5 il ərzində 15 milyon avro ödəyəcək. Qeyd edək ki, İtaliyanın “Yuventus” klubundan ayrılan Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted” klubunda oynayıb. Ulduz futbolçu bu müddət ərzində 292 oyunda klubun xeyrinə 118 qol vurub.

 

Həftənin ƏFSANƏSİ

40 il əvvəl dağılan əfsanəvi İsveç pop qrupu ABBA yenidən səhnə fəaliyyətinə başlayır. Bu barədə “The Sun” qəzeti məlumat yayıb. Qeyd olunub ki, dünyaca populyar qrup gələn ay beş mahnıdan ibarət albomu ilə geri qayıdır. Layihənin təqdimatı sentyabrın 3-də olacaq. Nəşr yazır ki, pərəstişkarları yeni mahnılardan əlavə, bir şounun da şahidi olacaqlar. Qeyd edək ki, 1972-ci ildə yaradılan ABBA üzvlərinin adlarının (Benny Andersson, Bjorn Ulvaeus, Agnetha Faltskog və Anni-Frid Reuss) baş hərflərinə əsasən adlandırılıb.

Oxunma sayı 215