Həftənin TƏŞƏKKÜRÜ - Həftə-reytinq

10:27 23.12.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Qarabağda rusiyalı sülhməramlıların olması sayəsində humanitar vəziyyət yaxşılaşıb”. Bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin Müdafiə Nazirliyinin geniş kollegiya iclasında deyib. “Artıq bir ildən çoxdur ki, sülhməramlılarımız Qarabağda sabitliyin qorunmasına kömək edirlər. Onların səyləri sayəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra bölgələrin ərazisi minalardan təmizlənib, sosial infrastruktur obyektləri bərpa edilib, tarixi və mədəniyyət abidələri qorunub saxlanılıb”, - deyə Putin söyləyib. V.Putin sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə peşəkarlığına, dözümlülüyünə və möhkəmliyinə görə təşəkkür edib.

 

Həftənin VERGİSİ

Amerikalı milyarder İlon Mask il ərzində vergi orqanlarına ödədiyi məbləği açıqlayıb. “Time” jurnalı tərəfindən 2021-ci ilin adamı elan edilən Maska qarşı münasibət birmənalı olmayıb. O, vergi ödəməməkdə ittiham edilib. Milyarder ittihamları rədd edərək milyardlarla dollar vergi ödədəyini və hələ də öz evinin olmadığını deyib:  “Bu məsələ ilə bağlı narahat olanlara deyirəm: Mənim 2021-ci ildə ödədiyim vergi 11 milyard dollardan çox olub. Bu vergini ödəmək üçün əlavə tədbirlərə getməli olmuş və “Tesla”nın səhmlərinin bir hissəsini satmışam”.

 

Həftənin PROQNOZU

““Omikron” ştamının yayılmasına baxmayaraq, koronavirus pandemiyası 2022-ci ildə başa çata bilər”. Bunu “Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts deyib. Onun sözlərinə görə, tarixdə heç bir virus “omikron” variantı qədər sürətlə yayılmayıb. Qeyts güman edir ki, tezliklə “omikron” dünyanın bütün ölkələrində olacaq. İş adamı vurğulayıb ki, yeni ştam ciddi qəbul edilməlidir, çünki onun hansı simptomlara səbəb olduğu hələ məlum deyil.  “Deltanın yarısı qədər ciddi olsa belə, bu, çox yoluxucu olduğu üçün gördüyümüz ən pis dalğa olacaq. Eyni zamanda, lazımi tədbirlər görsəniz, 2022 pandemiya üçün sonuncu il ola bilər”, - deyə milyarder Tvitter səhifəsində yazıb.

 

Həftənin SOYĞUNU

Rusiyanın Krasnoyarsk şəhərində Anna Qriqoryeva adlı qadın çalışdığı bankı soyub. Hadisə dekabrın 6-da baş verib. 30 yaşlı qadın iş saatı başa çatandan sonra çantasına 15 milyon rubl (345 min AZN), 49 min dollar (660 min TL) və 49 min avro (750 min TL) dolduraraq işlədiyi bankdan çıxıb. Təhlükəsizlik kameraları vasitəsilə bankın öz işçisi tərəfindən soyulduğu aşkarlandıqdan sonra, görüntülər polisə təqdim edilib. Ümumilikdə yarım milyon manatdan çox pul oğurlayan qadının ölkədən çıxışına qadağa qoyulmaqla, Annanın axtarışlarına başlanılıb. O, 15 gün sonra polis tərəfindən saxlanılıb.

 

Həftənin ÇAĞIRIŞI

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevin Rusiya ilə istənilən formatda danışıqlara hazır olduğunu açıqlayıb. O, bunu Brüsseldə “Rada” kanalına açıqlamasında bildirib. Zelenski qeyd edib ki, “Şimal axını 2” qaz kəməri ətrafındakı vəziyyət buna kömək edə bilər. Zelenski açıqlamasında Azərbaycan və Ermənistan liderlərinin baş tutan görüşünü də xatırladıb. Ukrayna prezidentinin sözlərinə görə, Moskva ilə Kiyev arasında da nə vaxtsa belə olacaq.

 

Həftənin ÇEMPİONU

Yunan-Roma güləşi üzrə Fransa klub çempionatına yekun vurulub. İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" həlledici görüşdə "Sarregimenes"lə qarşılaşıb. Millimizin üzvü 2 çəkidə çıxış edib. Həmyerlimiz əvvəlcə 86 kq-da erməni Zaven Mikaelyana tam üstünlüklə qalib gəlib - 8:0. Yarışın sonuncu görüşü İslam Abbasovla fransız Marius Mişon arasında keçirilib. Bu qarşılaşma ərəfəsində İslamın komandası 5:6 hesabıyla geridə olub. Məhz Abbasovun 94 kq-da Mişonu 9:0 hesabıyla məğlub etməsi sayəsində ümumi hesab bərabərləşib və əlavə göstəricilərə görə "Şiltgem" Fransa çempionu olub.

 

Həftənin TOYU

Müğənni Nadir Qafarzadə oğlu Loğmana toy edib. Loğman Əntiqə adlı xanımla ailə həyatı qurub.  Paytaxt restoranlarının birində keçirilən məclisdə şou nümayəndələri də iştirak edib.

Oxunma sayı 203