Həftənin TƏYİNATI - Həftə-reytinq

10:23 15.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin yeni təyin etdiyi müdafiə naziri müavininin kimliyi marağa səbəb olub. Bu vəzifəyə gətirilən Aqil Qurbanov uzun müddət özəl sektorda fəaliyyət göstərib. 1986-cı il təvəllüdlü A.Qurbanov daha əvvəl “PASHA Holding” MMC-yə daxil olan “PASHA İnvestments” MMC-də çalışıb. O, daha sonra “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini tutub. 

 

Həftənin SUALI

Türkiyənin ATV telekanalında yayımlanan “Kim milyoner olmak ister” verilişində 3 illik aradan sonra ilk dəfə bir iştirakçı 1 milyonluq suala qədər gələ bilib. İştirakçıya təqdim olunan 1 milyonluq sual Dədə Qorqud dastanı ilə bağlı olub. Belə ki, iştirakçıya təklif olunan cavablarda ona hansı xarakterin Dədə Qorqud dastanında iştirak etmədiyi soruşulub. Sözügedən verilişdə verilən sual sosial şəbəkələrin Azərbaycan seqmentində də müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçilər sualın asan olduğunu bildiriblər. İştirakçı sualla bağlı tərəddüt etdiyi üçün cavab verməkdən imtina edib. O, oyunu 400 min TL (36492 AZN) lə tərk edib.

 

Həftənin REKORDU

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarında 25-ci matçına çıxıb.O, bununla da mundialların final mərhələsində ən çox oyun keçirən iki futbolçudan biri olub. Digəri isə Lotar Matteusdur. Əgər Messi final görüşündə oynasa, bu rekordun tək sahibi olacaq.

 

Həftənin MÜQAYİSƏSİ

Rusiya Prezidenti Vladimir Putin Prezident Aparatı yanında insan haqları şurasının üzvləri qarşısında çıxış edib. Putin görüş zamanı özünü çar I Pyotr ilə müqayisə edib: “Gizlətməyəcəm, Azov dənizi də Rusiyanın daxili dənizi oldu. Hələ çar I Pyotr Azov dənizinə çıxış üçün mübarizə aparırdı. Mən isə bunu gerçək etdim”.

 

Həftənin İTTİHAMI

Fransanın eks-prezidenti Nikola Sarkozinin 3 il azadlıqdan məhrum edilməsi istənilib. Fransa Prokurorluğu bunu Apellyasiya məhkəməsindən tələb edib. Korrupsiyada ittiham olunan eks-prezident isə ittihamları rədd edib. Qeyd edək ki, 65 yaşlı Sarkozi 2007-ci ildən 2012-ci ilə qədər Prezident vəzifəsində çalışıb. O, 2017-ci ildə Emmanuel Makronun qalib gəldiyi Fransa seçkilərində Prezidentliyə namizəd seçilə bilmədiyi üçün aktiv siyasətdən uzaqlaşıb.

 

Həftənin RÜŞVƏTXORU

Yunanıstan parlamentinin deputatı Eva Kaili rüşvət qalmaqalında iştirakını rədd etsə də, o, vəzifəsindən məhrum edilib.  Avropa Parlamenti deputatları xanım Kailinin vəzifəsindən məhrum edilməsi üçün 625 səs verib. O, həmçinin parlamentin Sosialistlər və Demokratlar Qrupundan kənarlaşdırılıb və Yunanıstanın sol mərkəzçi Pasok partiyasından xaric edilib. Yunanıstan hakimiyyəti ona, ərinə və yaxın ailə üzvlərinə məxsus aktivləri dondurub. Xatırladaq ki, dekabrın 11-də Brüsseldə 44 yaşlı Eva Kailiyə qarşı korrupsiya ittihamı irəli sürülüb.

Oxunma sayı 10320