Həftənin TƏYİNATI - Həftə-reytinq

13:08 29.07.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Rəşad Məmmədov Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Qeyd edək ki, R. Məmmədov 2015-2021-ci illərdə Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri olub.

 

Həftənin LAYİHƏSİ

Şuşa istiqamətində dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparılır. Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. C.Qurbanov bildirib ki, layihələndirmə işlərini Türkiyə şirkəti həyata keçirir: “Orada tunellər bir az çoxdur və dağlıq ərazidir. Bilirsiniz ki, Azərbaycan Prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının çəkilməsi vacib olacaq. Bununla bağlı tapşırıq verilib, işlər davam edir”.

 

Həftənin QƏRARI

Fransada işçilər sanitar pasport təqdim etmədikləri təqdirdə işdən azad oluna bilərlər. Bu barədə Fransanın əmək naziri Elizabet Born mətbuata açıqlamasında deyib. O bildirib ki, avqustun 30-dan sanitar pasport bütün işçilər üçün məcburidir. Əmək naziri təsdiqləyib ki, sanitar pasport təqdim etməyən işçi işdən azad oluna bilər. Həssas qrupdan olan insanlarla təmasdakı işçilər üçün peyvənd məcburiyyətinin olduğunu deyən E.Born qeyd edib ki, hədəf vaksinə inamı artırmaq və peyvənd olunmanı asanlaşdırmaqdır.

 

Həftənin MƏHKUMU

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramova cəza istənilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən iclasda prokuror çıxış edərək R.Bayramovun 10 il azadlıqdan məhrum edilməsini təklif edib. Proses avqustun 10-da davam etdiriləcək. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan R.Bayramov 1,8 milyon manat rüşvət almaqda ittiham edilir.

 

Həftənin EKS-NAZİRİ

Sabiq səhiyyə naziri Oqtay Şirəliyev yeni vəzifəyə təyin olunub. Sabiq nazir hazırda Respublika Diaqnostika Mərkəzində professor, tibb elmləri doktoru kimi öz fəaliyyətini davam etdirir. O, Respublika Diaqnostika Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub. Direktor vəzifəsini isə Rəşid Vəzirov icra edir. Xatırladaq ki, Oqtay Şirəliyev Prezident İlham Əliyevin sərəncamı ilə 23 aprel 2021-ci ildə Azərbaycanın səhiyyə naziri vəzifəsindən azad edilib.

 

Həftənin MƏRHUMU

Azərbaycanın Xalq artisti Səməd Səmədov vəfat edib. Yaxınlarının verdiyi məlumata görə, 74 yaşlı ifaçı müalicə aldığı xəstəxanada koronavirusdan dünyasını dəyişib. Qeyd edək ki, tanınmış estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb.  1988-ci ildən toylarda çıxış edən Səməd Səmədov əhali arasında "Toylar Kralı" kimi tanınırdı. 2011-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb. Qeyd edək ki, bu il S. Səmədovun bacısı ilə baldızı koronavirusdan vəfat edib.

 

Həftənin İDMANÇISI

Yaponiya idmançısı Momiji Nişiya Olimpiadada rekorda imza atıb. O, 13 yaş 330 günlüyündə Olimpiya çempionu olub. Nişiya skeytbord yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, bu dünya idmanı tarixində ikinci rekorddur. 1936-cı ildə suyatullanma növündə ABŞ təmsilçisi Marcori Qestrinq 13 yaş 268 günlüyündə qızıl medal qazanıb.

Oxunma sayı 2542