Həftənin TƏYİNATI - Həftə-reytinq

11:36 09.12.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev Fərhad Adıgözəlovu Dövlət Sığorta Kommersiya Şirkətinə yeni sədr təyin edib. Yeni sədrin bioqrafiyası ictimaiyyətdə maraq doğurub. F. Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit istiqaməti üzrə bakalavr dərəcəsi, Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb və universitetin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib. 2013-2014-cü illərdə maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini təyin edilib.

 

Həftənin TƏCRİDİ

BMT-nin Baş katibi Antonio Quterreş koronavirusa yoluxmuş şəxslə təmasda olduğundan özünütəcrid rejiminə keçib. Quterreş dekabrın 9-na qədər öz vəzifələrini evdən icra edəcək. Onun həmin gün növbəti dəfə koronavirus testi verəcəyi gözlənilir. Baş katibin rəsmi nümayəndəsinin müavini Fərhan Xak Quterreşdə koronavirusun heç bir əlamətinin olmadığını bildirib. Onun sözlərinə görə, Baş katibin ilk testi mənfi nəticə verib. Qeyd edək ki, 72 yaşlı portuqaliyalı Antonio Quterreş 2017-ci ilin yanvarın 1-dən BMT-nin Baş katibi vəzifəsini icra edir.

 

Həftənin GÜCLÜLƏRİ

“Amazon”un qurucusu Ceff Bezosun keçmiş həyat yoldaşı, yazıçı Makkenzi Skott “Forbes” jurnalının dünyanın 100 ən güclü qadını siyahısında birinci olub. Bundan əvvəl Angela Merkel 10 il ərzində dünyanın ən nüfuzlu qadınları reytinqinə başçılıq edib. “Forbes” reytinqində ikinci yeri ABŞ-ın vitse-prezidenti Kamala Harris tutub. Onun ardınca Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard və “General Motors”un baş direktoru Meri Barra, həmçinin sahibkar və “Microsoft”un qurucusu Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda Qeyts gəlir.

 

Həftənin İMTİNASI

Ermənistan parlamentinin sədri Alen Simonyan qalmaqallı video ilə gündəmə gəlib. İlk olaraq teleqram kanallarında yayılan videoda Simonyan tədbirlərin birində bir şəxslə söhbətində erməni əsirlərin artıq onun üçün mövcud olmadığını bildirir. “Hesab edirəm ki, əsirlər mənim üçün artıq mövcud deyil”, - deyə Simonyan bildirir. O, həmçinin həmsöhbətinə əsirlərin kimdən ibarət olduğuna dair sual verir və cavabı özü səsləndirir: “Bunlar silahını yerə qoyan, qaçan və azan insanlardır. Mən bunu yüksək səslə deyə bilmərəm. Bu əsirlərin valideynlərinin niyə fəal olmadığı sizi maraqlandırır? Çünki onların yaxınları bilir ki, onlar dezertirdirlər, onlar silahı yerə qoyub, qaçıb və əsir düşüblər”.

 

Həftənin OTELİ

PSJ-nin ulduzu Lionel Messiyə məxsus Barselona şəhərində yerləşən “MİM Sitges” oteli sökülür. Buna səbəb kimi otelin şəhər standartlarına uyğun olmaması göstərilib.  Yaxın günlərdə 77 otaqdan ibarət otel binasının söküntüsünə başlanılacağı bildirilib.

 

Həftənin TƏKLİFİ

Əməkdar artist Cavanşir Məmmədov açıqlaması ilə növbəti dəfə qınaq obyektinə çevrilib. “Tarixin bir günü” verilişində qonaq olan müğənni sənət adamları üçün bank hesabının açılmasını təklif edib. O bildirib ki, insanlardan müğənnilərə yardım üçün pul yığmaq lazımdır.

 

Həftənin MÜKAFATÇISI

Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatlandırma mərasimi keçirilib.  Müsabiqədə “Azərbaycanın ən parlaq gənc ulduzu” kateqoriyası üzrə də qalib müəyyənləşib. Bu ada Nahidə Babaşlı layiq görülüb. “Hamıya Azərbaycandan salam gətirdim. Çox sevincliyəm, tikanlı yolun sonu belə bitdi. Ailəmə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm”, - deyə o, çıxışında bildirib.

Oxunma sayı 62