Həftənin TƏYİNATI - Həftə-reytinq

12:12 20.01.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev səhiyyə nazirinin vəzifələrini icra edən Teymur Musayevlə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, o, səhiyyə naziri təyin edilib.  Dövlət başçısının digər sərəncamı ilə Teymur Musayev səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilib.

 

Həftənin İŞ TƏKLİFİ

BMT-nin Baş katibi Antonio Quterreş Almaniyanın sabiq Kansleri Angela Merkelə BMT strukturunda yüksək səviyyəli müşavir olmağı təklif edib. Bu barədə məlumatı öz mənbələrinə istinadən “DPA” agentliyi yayıb. Məlumata görə, Quterreş Merkelə bu təklifi ilə bağlı məktub göndərib. Sabiq Kansler hələ ki, cavab verməsə də, BMT əmindir ki, Merkel təklifi qəbul edəcək.

 

Həftənin SOLĞUNU

“Erməni diasporu özünə qarşı biganə olmağa, Ermənistanla bağlı məyus olmağa başlayıb”. Bunu Böyük Kilikiya Evinin katolikosu I Aram Feysbuk səhifəsində yazıb. O, 2022-ci ilin niyə Diaspor İli elan edildiyini izah edib. “Belə bir bəyanatla çıxış etmək üçün əsaslı səbəblərim var, çünki diaspor kiçilməyə başlayıb. Diaspor solmağa başlayıb. Diaspor özünə qarşı biganə olmağa, məyus olmağa başlayıb. Xüsusən də Qarabağ müharibəsindən sonra. Gənclər həyatımızdan, kollektiv həyatımızdan, qurumlarımızdan getməyə başlayıb. Erməni həyatında əcnəbinin olması əhəmiyyətli olmağa başlayıb. Biz ətrafımızda baş verən dəyişikliklərlə ayaqlaşa bilməmişik”.

 

Həftənin ƏN YAXŞISI

FIFA 2021-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb. Bu ada Almaniyanın "Bavariya" klubunun hücumçusu Robert Levandovski sahib olub. Polşalı forvard ardıcıl ikinci dəfə dünyanın ən yaxşı oyunçusu seçilib. O, səsvermədə Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Liverpul"undan Məhəmməd Salahı geridə qoyub. Ötən il 69 qol vuran R.Levandovski "Bavariya" ilə Almaniya Bundesliqasının və kuboku yarışının qalibi olub.

 

Həftənin AŞPAZI

Dünyaca məşhur model Bella Hadid instaqram hesabında maraqlı görüntülər paylaşıb.  Fələstin-Niderland əsilli amerikalı ulduz aşpazla bərabər dolma bişirib. Model yarpaq dolması büküb. O, həmçinin badımcan və bibər dolması hazırlayıb.

 

Həftənin ƏN YAŞLISI

İspaniyada yaşayan və “Ginnesin Rekordlar Kitabı”na görə dünyanın ən yaşlı adamı olan Saturnino de la Fuerte 113 yaşına az vaxt qalmış vəfat edib. Bu barədə İspaniyanın EFE xəbər agentliyi məlumat yayıb. Qeyd edilib ki, evində dünyasını dəyişən Saturnino De la Fuertenin fevralın 12-də 113 yaşı tamam olacaqdı. Xəbərdə De la Fuertenin 10 sentyabr 2021-ci ildə 112 yaş 211 günlük yaşı ilə "dünyanın ən yaşlı kişisi" olaraq “Ginnesin Rekordlar Kitabı”na düşdüyü qeyd edilib.

Oxunma sayı 102