Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1 500,0 (bir min beş yüz) manat məbləğində, digər kateqoriyaya aid edilənlərə isə 750,0 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Həftənin TƏLTİFİ
Prezident İlham Əliyev Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri Aygün Attarla bağlı Sərəncam imzalayıb. Sərəncamla Azərbaycanla Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Aygün Attar “Dostluq” ordeni ilə təltif edilib.
Həftənin TƏLƏBƏSİ
Bakı Dövlət Universitetinin tələbəsi diplom almadan dünyanın səkkiz ölkəsinin 22 universitetindən qəbul alıb. Bu haqda “Azərbaycan universitetləri” səhifəsində paylaşım edilib. Belə ki, Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin IV kurs tələbəsi Aysu İsmayılova dünya reytinqində 7 və 8-ci yerlərdə olan Imperial College London və University College London daxil olmaqla, səkkiz ölkənin (İngiltərə, İsveç, Danimarka, Finlandiya tam təqaüdlə, Almaniya, Çexiya, Niderland, İrlandiya) ümumilikdə 22 universitetindən qəbul alıb.
Həftənin PULU
Ağ Ev Ukrayna Prezidenti Volodimir Zelenskinin 16 mart 2022-ci ildə ABŞ Konqresinə tarixi müraciətinə həsr olunmuş xatirə sikkəsini təqdim edib. Bu barədə Ağ Evin hədiyyə mağazasının saytında məlumat verilib. Bildirilib ki, “Tarixi anlar” seriyası çərçivəsində prezidentlər Volodimir Zelenski və Co Baydenin təsviri, habelə Zelenskinin Konqresdə çıxışı anının əks olunduğu sikkə buraxılıb. Sikkədə Ukrayna Prezidentinin çıxışından sitat da öz əksini tapıb: “Dünyanın lideri sülhün lideridir”.
Həftənin HÖKMÜ
Rusiyada Lyublinski Rayon Məhkəməsi 2020-ci ildə Moskvada ermənilər və azərbaycanlılar arasında baş vermiş davanın iştirakçıları ilə bağlı qərarını açıqlayıb. “Məhkəmə xuliqanlıqda təqsirli bilinən E.Ələkbərov, B.Vəliyev, P. Həmidov, T.İsmayılov və A.Qafarovu 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Daha iki nəfər M.Zahidov və D.Qiyasova isə 2 il 8 ay şərti cəza təyin olunub”, - deyə məlumatda vurğulanıb.
Həftənin XƏSTƏSİ
Braziliyalı əfsanəvi futbolçu Pele yenidən xəstəxanaya yerləşdirilib. 82 yaşlı veteran hücumçu əvvəllər kimyaterapiya kursu keçdiyi San-Paulodakı “Albert Eynşteyn” klinikasına yerləşdirilib. Həkimlərin nəzarəti altında olan üçqat dünya çempionunun həyatı üçün təhlükə olmadığı bildirilib. Xatrıladaq ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Həmin əməliyyatdan sonra Pele tez-tez xəstəxanaya yerləşdirilir.