Həftənin YUBİLYARI - Həftə-reytinq

15:05 27.01.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Fatma Səttarovanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.

 

Həftənin TƏHDİDİ

ABŞ Prezidenti Co Bayden Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə, Rusiya Prezidenti Vladimir Putinə şəxsən sanksiyalar tətbiq edəcəyini istisna etməyib. Bu barədə o, jurnalistlərə açıqlamasında deyib. Bayden Rusiya qüvvələrinin Ukraynaya müdaxiləsi halında Rusiya Prezidenti Vladimir Putinə şəxsən sanksiyalar tətbiq etməyi mümkün görüb-görmədiyi sualına “hə” cavabını verib.

 

Həftənin SƏFƏRİ

İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. İranın nümayəndə heyəti, həmçinin işğaldan azad olunan torpaqlara da olub. Zəngəzur dəhlizi ilə bağlı görülən işlər barədə ətraflı məlumat alıb.

 

Həftənin İSTEFASI

Ermənistanın yenicə istefa vermiş prezidenti Armen Sarkisyan hazırda xarici ölkədə tibbi müayinədən keçir. Bu barədə məlumatı Sarkisyanın Mətbuat xidməti yayıb. Bildirilir ki, A.Sarkisyan bu səbəbdən istefa ərizəsini xaricdə olarkən yazıb. Onun müayinəsi bitdikdən sonra Ermənistana qayıdacağı gözlənilir.

 

Həftənin KORONAVİRUS XƏSTƏSİ

Dünya şöhrətli britaniyalı müğənni Elton Con koronavirusa yoluxub. Bu barədə o, İnstaqram hesabında paylaşım edib. O bildirib ki, tam vaksinasiyadan keçib. Müğənni qeyd edib ki, xəstəliyi yüngül keçirir. Onun iki konserti bu səbəbdən təxirə salınıb.

 

Həftənin HƏDİYYƏSİ

“Paris Sen-Jermen” klubunun hücumçusu Lionel Messi Katolik kilsəsinin Lion yeparxiyasının rəhbəri Emmanuel Qobilyardan hədiyyə alıb. Argentinalı hücumçuya Roma Papası Fransiskin imzası olan köynək hədiyyə edilib. Bu barədə o, öz Tvitter hesabında məlumat yayıb:  “Bu gün Lionel Messiyə Papa Fransisin imzası olan ilk rəsmi Vatikan köynəyini verdim. Messi mömindir və o, mənə bu jestin onun üçün nə qədər vacib olduğunu söylədi. Biz birlikdə dua etdik”.

 

Həftənin ÖLÜMÜ

Məşhur fotoqraf Rene Rober Parisin mərkəzi küçələrinin birində donaraq ölüb. Bu barədə məlumatı fotoqrafın yaxın dostu, jurnalist və musiqiçi Mişel Momponte “RTL” radiosunun efirində açıqlayıb. Onun sözlərinə görə, 84 yaşlı Rene Rober axşam saatlarında küçədə gedərkən özünü pis hiss edib və yıxılıb. Başından zərbə alan fotoqraf 5 saatdan çox səkinin üzərində qalıb. Ətrafdan keçən insanlar isə ona yaxınlaşmayıb. Küçədə yaşayan bir kişi ona yaxınlaşdıqda artıq çox gec olub. Polisə hadisə barədə məlumatı məhz həmin şəxs verib.

Oxunma sayı 38