Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında müddətli həqiqi hərbi xidmət keçən qulluqçuların hərbi bacarıqlarının, biliklərinin, mənəvi-psixoloji hazırlıqlarının artırılması, vətənpərvərlik ruhunun yüksəldilməsi, onların psixoloji durumlarının nəzarətdə saxlanılması məqsədi ilə daimi olaraq digər aidiyyəti dövlət qurumlarının məsul əməkdaşlarının iştirakı ilə görüşlər keçirilir, seminar-treninqlər təşkil edilir.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a bildiriblər ki, təsdiq edilmiş tədbirlər planına əsasən Mühafizə alayında həqiqi hərbi xidmət keçən əsgərlər üçün “Narkotik vasitələrin, həmçinin narkomanlığın insanların sağlamlığına, insan orqanizminə məhvedici təsiri və cəmiyyətə ziyanı” mövzusunda seminar-treninq keçirilib.
Narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikası, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu barədə mütəxəssislər tərəfindən çıxışlar edilib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Penitensiar Xidmətin Baş idarəsinin və Mühafizə Alayının məsul əməkdaşları iştirak ediblər.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının 2-ci, 3-cü və 9-cu bölüklərində müddətli həqiqi hərbi xidmət keçən əsgərlərlə mənəvi-psixoloji hazırlıqlarının artırılması, vətənpərvərlik ruhunun yüksəldilməsi və onların psixoloji durumlarının daim nəzarətdə saxlanılması məqsədi ilə seminar-treninq keçirilib.
“Şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsi, ünsiyyət problemləri” mövzusunda təşkil olunmuş tədbirin əsas məqsədi psixi gərginliklərin, davranışlarda yarana biləcək neqativ dəyişikliklərin aradan qaldırılmasına, qarşılıqlı münasibətlər sisteminin tənzimlənməsinə və vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə yönəlmiş müvafiq psixoloji yardım göstərilməsi olub.
Tədbirdə Penitensiar Xidmətin Baş idarəsinin və Mühafizə Alayının məsul əməkdaşları iştirak ediblər.
Treninqlərdə əsgərlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.