Hindistan ən qiymətli əskinaslarını dövriyyədən çıxaracağını açıqlayıb.
Hafta.az-ın “Outlook İndia”ya istinadən yazdığına görə, Hindistan Ehtiyat Bankı 2000 rupilik əskinasları bazardan yığışdıracağını elan edib. Bildirilib ki, sözügedən əskinasların əməliyyatlarda tez-tez istifadə olunmadığı üzə çıxıb. Buna görə də vətəndaşlardan sentyabrın 30-dək daha əllərindəki belə böyük əskinasları aşağı nominallı əskinaslarla əvəz etmələri tələb olunub.
İqtisadiyyat Nazirliyinin yüksək vəzifəli şəxslərindən biri T.V. Somanathan əskinasların dövriyyədən çıxarılmasının nə gündəlik həyata, nə də iqtisadiyyata mənfi təsir göstərməyəcəyini bildirib.
2016-cı ildə Hindistanın baş naziri Narendra Modi 500 və 1000 rupi əskinasları dövriyyədən çıxarıb, əvəzində 2000 rupilik əskinasları dövriyyəyə buraxıb.
Modi hökuməti bunun saxta valyutanın bazarda dövriyyəyə buraxılmasının qarşısını almaq üçün edildiyini bildirib. Lakin bazarda pulun 86 faizini təşkil edən bu əskinasların yığışdırılması ciddi nağd pul qıtlığına səbəb olub.
Bundan sonra hökumət qısa müddətdə yenidən 500 rupilik əskinasları dövriyyəyə buraxıb. Bazardakı nağd pul boşluğunu doldurmaq üçün 2000 rupilik kağız pul da istifadəyə verilib.
“Reuters”in məlumatına görə, Mərkəzi Bank son 4 ildə 2000 rupilik əskinas çap etmir. Bildirilib ki, bank daha çox dəyəri 500 rupi və ondan aşağı olan kağız pulların çapına yönəlib.
Ölkənin aparıcı statistika mütəxəssislərindən olan Pronab Sen qərarın məntiqli olduğunu bildirib.
Hindistanda yerləşən ICRA kredit reytinq agentliyindən Karthik Srinivasan, "Bu, depozit faizlərinin artmasına təzyiqi azaldacaq və qısamüddətli faiz dərəcələrində daha balanslı kursu təmin edəcək" deyib.