Oktyabrda Hindistan Rusiyadan xam neft idxalını gündəlik orta hesabla 1,58 milyon barrelə qədər azaldıb ki, bu da sentyabr ayı ilə müqayisədə 11 faiz aşağıdır.
Hafta.az-ın Bloomberg-ə istinadən yazdığına görə, Hindistanın Rusiyadan neft idxalını azaltması Camnaqar neft emalı zavodunda aparılan planlı təmirlə bağlıdır.
Hindistan Çinlə birlikdə Ukraynada gedən müharibə səbəbindən bir çox inkişaf etmiş ölkələrin tərk etdiyi Rusiya neftinin əsas alıcısına çevrilib.
“Kpler”in baş xam neft üzrə analitiki Viktor Katon deyir ki, Rusiyadan idxal bu ay gündə təxminən 1,8 milyon barrelə yüksələcək. Analitikin sözlərinə görə, təkcə 1-3 noyabr tarixlərində xam neft daşıyan 10 rus tankerinin Hindistana gəlməsi planlaşdırılır. Təhlilçi bildirir ki, bu 10 tanker 11 milyon barel neft daşıyır.
Agentlik həmçinin qeyd edib ki, oktyabrda Hindistana tədarükün ümumi həcmi 6 faiz artaraq sutkada 4,4 milyon barelə çatıb.
Hindistan neft emalı müəssisələri gələcək öhdəlikləri yerinə yetirmək üçün aylıq həcmləri tənzimlədikcə Səudiyyə Ərəbistanından neft idxalı təxminən iki dəfə artıb. Səudiyyə neftinin alış payı İraqdan gələn nefti üstələyib.
Daha əvvəl bildirilmişdi ki, Çin 2023-cü ilin yanvar-sentyabr ayları arasında Rusiyadan təxminən 80 milyon ton neft alıb. Çin Xalq Respublikası Baş Gömrük İdarəsinin məlumatına görə, satınalmaların ümumi məbləği 43 milyard dolları keçib, yanacaq idxalı illik əsasda demək olar ki, 25 faiz artıb.