Hindistanda yeni parlament binasının açılışı olacaq – müxalifət narazıdır

10:17 24.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın yeni parlament binasının açılışı ilə bağlı hökumətlə müxalifət arasında fikir ayrılığı davam edir.

Hafta.az-ın “saudigazette.com”a istinadən yazdığına görə, baş nazir Narendra Modi mayın 28-də binanın açılışını etməyi planlaşdırır.

Müxalifət liderləri binanın açılışını mübahisəsiz prezidentin etməli olduğunu bildirir və hökumətin dövlət başçısını açılışa dəvət etməməsini “konstitusiyaya zidd” sayır.

Müxalifət həmçinin hökumətin açılış üçün məhz Hindutva ideoloqu VD Savarkarın doğum günü olan tarix seçimini də tənqid ediblər. Müxalifət partiyaları Savarkarı bölücü fiqur hesab edir, hansı ki, hakim BJP onu qəhrəman adlandırır.

Əsas müxalifət təşkilatı olan Milli Konqres Partiyasının deputatı Jaayram Rameş hökumətin yeni parlament binasının "ömrü boyu Mahatma Qandiyə şiddətlə qarşı çıxan insanın doğum günündə" açılışını etmək qərarını pisləyib. BJP-dən isə açıq şəkildə bildiriblər ki, parlament binası hindular üçün qürur məsələsidir.

Qeyd edək ki, yeni parlament binasının tikintisinə 2021-ci ilin yanvarında başlanılıb.

HCP Dizayn, Planlaşdırma və İdarəetmə tərəfindən layihələndirilən və Tata Layihələri tərəfindən inşa edilən dörd mərtəbəli binanın tikintisi təxminən 9,7 milyard rupiyə (117,1 milyon dollar) başa gəlib.

Bildirilir ki, yeni bina istifadəyə verilsə də, mövcud müstəmləkə dövründən qalma parlament binasından da istifadəyə davam ediləcək.

Xatırladaq ki, ötən həftə yeni binanın açılışı ilə bağlı planlar açıqlanarkən, bir neçə müxalifət partiyası hökumətin Hindistan prezidenti Draupadi Murmunu tədbirdən kənarda qoymasını tənqid edib. Milli Konqres Partiyasının lideri Rahul Qandi bildirib ki, binanın açılışını məhz prezident etməlidir.

"Hindistan parlamenti Hindistan Respublikasının ali qanunverici orqanıdır və Hindistan prezidenti onun ən yüksək konstitusiya orqanıdır. Prezident təkbaşına hökuməti, müxalifəti və eyni zamanda hər bir vətəndaşı təmsil edir", - Milli Konqres Partiyasının rəhbərliyindən Mallikarjun Xarge tvitter-də yazıb. “Prezident tərəfindən yeni parlament binasının açılışı hökumətin demokratik dəyərlərə və konstitusiya ədalətinə sadiqliyinin simvolu olacaq”, - tvitdə deyilir.

BJP-nin sözçüsü Gaurav Bhataya, Milli Konqres Partiyasının mövqeyini rədd edib.

Xəbərlərdə deyilir ki, Milli Konqres Partiyası açılış tədbirini boykot etməyi düşünür.