Hövsanda 109 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib

19:10 05.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 109 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə Hövsan Yaşayış Kompleksindən alınmış mənzilləri təqdim edib.

Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli qeyd edib ki, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı işləri ildən-ilə genişlənir. O, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yaxın bir neçə ildə şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan mənzil proqramının başa çatdırılacağını bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən hafta.az-a verilən məlumata görə, nazir müavini qeyd edib ki, 2018-ci ildə nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. 2020-ci ildə isə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 539 mənzil verilib, digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8127 mənzil və fərdi ev verilib.

V.Nəsirli bildirib ki, nazirlik müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib. Ümumilikdə isə nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili ilə təminatı həyata keçirilib.

Yeni mənzillə təmin edilən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, ümumən hərtərəfli təminatlarına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Oxunma sayı 3289
Sosial rubrikasından digər xəbərlər