İnflyasiya, bahalaşma, üzən məzənnə, makroiqtisadi sabitlik... - MÜZAKİRƏ

17:40 16.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bahalaşma, yüksək inflyasiya kimi neqativ amillər birbaşa əhalinin sosial-iqtisadi vəziyyətini çətinləşdirir. Bütün bunların yaşanmaması üçün isə, makroiqtisadi dayanıqlıq və sabitliyin təmin edilməsi vacib hesab olunur. Elə buna görə ölkəmizdə də makroiqtisadi sabitliyə nail olmaq iqtisadi siyasətin mühüm prioritetidir. Bəs, bu istiqamətdə hansı addımlar atılır, nə kimi işlər görülür?  Hazırda Azərbaycanda makroiqtisadi sabitlik baxımından mənzərə necədir?

Ərzaq məhsullarının qiyməti daha çox artıb

Millət vəkili Vüqar Bayramlı deyir ki, qiymət artımına qarşı mübarizə hazırda ən prioritet məsələdir:

“İnflyasiyanın strukturunda ən diqqət çəkən məqam ərzaq məhsullarının ümumi qiymət artımı ilə müqayisədə daha çox artmasıdır. Əgər ümumi inflyasiya rəsmi statistikada 13 faizdirsə, ərzaq məhsullarının qiymətində 19 faiz artım qeydə alınıb. Makro iqtisadi sabitlik stabilliyin qorunub saxlanılmasıdır. Bura həm ümumdaxili məhsul, həm milli valyutanın məzənnəsi, həm də makroiqtisadi göstəricilər daxildir. Makroiqtisadi sabitllik bütövlükdə bazardakı tarazlığın qorunub saxlanması baxımından vacibdir. Əsas məqsəd bu sabitliyi saxlamaqla, inflyasiyanı optimal həddə qədər azaltmaqdır”.

Makroiqtisadi sabitlik qorunub saxlanmasa idi...

Millət vəkilinin sözlərinə görə, 2023-cü ildə birrəqəmli inflyasiya praqnozlaşdırılır. Lakin buna nail olmaq çox çətindir: “Əksər ərzaq məhsulları ilə bağlı idxaldan asılıyıq. Əgər makroiqtisadi sabitlik qorunub saxlanmasa idi, indi bazarda daha yüksək qiymət artımlarını müşahidə edərdik. Makroiqtisadi sabitliyə təsir göstərən faktorlardan biri milli valyutanın məzənnəsidir. 2015-ci ildə milli valyutanın məzənnəsinin aşağı düşməsi idxal edilən məhsulların kəskin bahalaşmasına gətirib çıxarıb və 2022-ci ildə son illərin ən yüksək inflyasiyası qeydə alınıb. Buna səbəb Rusiya-Ukrayna müharibəsi idi. Lakin Azərbaycan makroiqtisadi sabitliyi qoruyub saxladı”.

Ən önəmli addım

İqtisadçı Elşad Məmmədov deyir ki, makroiqtisadi sabitliklə bağlı atılan ən önəmli addımlardan biri milli valyutanın məzənnəsinin sabit saxlanılmasıdır:

“Bu, Mərkəzi Bankın fəaliyyətinin müsbət nəticələrindən biri kimi dəyərləndirilməlidir. Eyni zamanda, etiraf etmək lazımdır ki, bunun üçün elə böyük çətinlik yox idi. Azərbaycana daxil olan valyutanın miqdarına idxal- ixrac əməliyyatları üzərindən baxmaq kifayətdir. İxrac xeyli dərəcədə idxalı üstələyir. Belə olan halda valyutanın sabit saxlanması üçün böyük imkanlar var”.

Üzən məzənnəyə keçid məqsədəuyğun deyil

Mütəxəssis hazırkı dövrdə üzən məzənnəyə keçidi məqsədəuyğun hesab etmir: “Məzənnə sabit saxlanılmalıdır ki, biznes də investisiya siyasətini həyata keçirərkən işlərini planlaşdıra bilsin. Üzən məzənnə iqtisadi itkilərə səbəb ola bilər. Çünki daxili bazarda idxalın payı çoxdur. Bu o deməkdir ki, üzən məzənnəyə keçid dolları bahalaşdıracaq. Nəticədə inflyasiya sürətlənəcək. Bu da sosial problemlər yaradacaq. Ona görə hazırkı şəraitdə üzən məzənnəyə ehtiyac yoxdur”.

Biz ancaq iqtisadi sabitliklə öyünsək...

Mütəxəssis deyir ki, makroiqtisadi sabitliyin təminatı baxımından ölkədə 4 sosial paket reallaşdırılıb: “Bu paketlərə pandemiya ilə mübarizə, Vətən müharibə iştirakçılarının, şəhid ailələrin  sosial müdafiəsi, əmək haqqı fondunun artırılması və s. tədbirlər daxil idi. Sosial müdafiə sistemində şəffaflığı da bura adi etmək olar. Sosial-iqtisadi problemlərin həlli üçün biz ölkə iqtisadiyyatına kapital qoyuluşunu, investisiyaları artırmalıyıq ki, daha çox istehsal edək, yeni iş yerləri açaq. Lakin yalnız hədəf kimi makroiqtisadi sabitliyin qorunması götürülə bilməz. Başlıca hədəf iqtisadi inkişaf və artım olmalıdır. Biz ancaq iqtisadi sabitliklə öyünsək, rəqabət qabiliyyətli texnoloji inkişafa söykənən iqtisadi sistem qura bilmərik”.

Qiymət artımı gələn il də olacaq

Mütəxəssis deyir ki, növbəti ildə də bahalaşma olacaq: “Təəssüflər olsun ki, bahalaşma gözlənilir. Çünki dünya bazarında təlatümlər davam edir. İstehlak bazarı ilə bağlı daşınma zəncirləri sınır, qiymətlərdə qeyri-müəyyənlik var. İdxaldan asılılığımızı da nəzərə alsaq, bizim bazarda da qiymət artımı böyük ehtimalla baş verəcək”.

Valyuta ehtiyatlarımız 65 milyard dollara yaxınlaşıb

İqtisadçı Eyyub Kərimli isə, ölkəmizdə makroiqtisadi göstəricilərin sabit və yüksələn xətlə inkişaf etdiyini vurğulayır:

“Makroiqtisadi sabitliyi formalaşdıran bir neçə amillər var. Bunlar ümumdaxili məhsulun artım tempi, inflyasiya həddinin aşağı olması, büdcə gəlirlərinin formalaşmasında büdcə kəsirinin az olması, manatın sabitliyi, ölkənin valyuta ehtiyatları, xarici borc həddinin ümumdaxili məhsula olan nisbəti və ölkə üzrə bir vətəndaşa düşən orta gəlirdir. Bu göstəricilərə görə, Azərbaycanda sabitlikdir. Zaman irəlilədikcə müsbət istiqamətdə artım müşahidə edirik. Hazırda bütün dünyada olduğu kimi, bizdə də inflyasiya prosesləri davam edir. Lakin dövlətin həyata keçirdiyi maliyyə, pul-kredit siyasəti, Mərkəzi Bankın uçot dərəcəsini artırması inflyasiya ilə bağlı prosesləri tənzimləməyə və cilovlamağa yönəlib. Bu baxımdan, ölkəmizdə makroiqtisadi sabitlik davam edəcək. Ən əsası iqtisadi təhdidlər müşahidə edilmir. Çünki ölkəmizin valyuta ehtiyatları artıq 65 milyard dollara yaxınlaşıb, xarici borclanma ümumdaxili məhsulun 10 faizinə bərabərdir”.

Manatın məzənnəsini dövlət tənzimləməməlidir

Məlumat üçün bildirək ki, 2022-ci ildə məzənnənin sabit saxlanılması üçün 2 milyard dollara yaxın valyuta alışı edilib. Mütəxəssis düşünür ki, manatı sabit saxlamaqdansa, üzən məzənnəyə keçid daha məqsədəuyğundur: “Dövlətin inzibati üsullarla məzənnə siyasəti tənzimləməsi manatın dəyərinə təzyiq göstərir. Əgər iqtisadi təcrübələrə müraciət etsək, manatın real dəyərini müəyyələşdirmək üçün üzən məzənnəyə keçid daha məqsədəuyğundur. Bu həm bizim ixrac potensialımıza, həm də manatın öz real dəyərinin əks olunmasına təsir göstərərdi. Bu gün bizim makroiqtisadi göstəricilərimiz üzən məzənnəyə keçmək üçün əsas verir. Bu iqtisadi duruma elə bir təhdid yaratmır”.

İqtisadiyyatımızın xarici fondlardan asılılığı yoxdur

İqtisadçının sözlərinə görə, bu yaxınlarda Beynəlxalq Valyuta Fondu Azərbaycanda öz ofisini bağladı. Bu qərar onunla əsaslandırıldı ki, artıq ölkəmizin maliyyə göstəriciləri yüksəkdir. Problemləri daxili maliyyə imkanları vasitəsilə həll edə bilər. Bu o deməkdir ki, iqtisadiyyatımızın xarici fondlardan heç bir asılılığı yoxdur.  Prezident də dəfələrlə vurğulayıb ki, işğaldan azad bölgələrin bərpası üçün ancaq daxil maliyyə gücümüzə söykənirik və xaricdən heç bir maliyyə, kredit cəlb etmirik. Bu gün işğaldan azad olunan bölgələrimizə 5 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub. Halbuki bu ilin əvvəlində 3 milyard manat idi. Bu da bizə onu deməyə əsas verir ki, ölkəmizin maliyyə sabitliyi və büdcə gəlirləri tam təmin edilib. Maliyyə sabitliyinin digər göstəricisi odur ki, ölkədə maaşlar təqaüdlər, sosial ödənişlər vaxtlı vaxtında ödənilir, heç bir gecikmə yoxdur. Ölkənin investisiya potensialı da yüksəkdir”.

Ləman Əliyeva