İnvestorlar üçün cəlbedici məkan - Ələt Azad  İqtisadi Zonası

17:35 15.06.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Müasir dövrdə azad iqtisadi zonalar xarici ticarət strategiyasının vacib elementlərindən birini təşkil edir. Bu gün Azərbaycanda da azad iqtisadi zonaların yaradılması prosesi sürətlənib. Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Ələt Azad İqtisadi Zonası iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun fəaliyyətini daha səmərəli edəcək.

Qeyd edək ki, Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar 2017-ci ildə, bununla bağlı müvafiq qanun isə 2018-ci ildə qəbul edilib. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməli qoyulub.

850 hektarlıq Azad İqtisadi Zona

Cari ilin iyunun 9-da isə Prezident İlham Əliyevin iştirakı ilə AİZ-də yaradılan biznes mərkəzi ilə tanışlıq olub. Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun verdiyi məlumata görə, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır. Azad İqtisadi Zonanın ilkin inkişaf mərhələsi olan 60 hektar ərazidə (Zona 1, Mərhələ 1) tikinti işlərinə başlanılıb və bir sıra işlər görülüb. Belə ki, investorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün artıq hazırdır. Ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, işıq, qaz, rabitə şəbəkələrinə birləşmə nöqtələri təmin edilib. Burada, həmçinin istifadəyə hazır ərazi-daxili və ərazi-xarici mühəndis-kommunikasiya infrastrukturu yaradılıb. Zona 1 ərazisinin əsas girişində gömrük-keçid məntəqələri, həmçinin gömrük yoxlanışlarının aparılması üçün binalar inşa olunub.

Ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzinin binası 3 funksional hissədən ibarətdir. Burada Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun ofisi, investorlara vahid pəncərə prinsipi ilə xidmət göstərəcək ofis, investorların idarəetmə qurumları üçün ofislər və təhkim olunan gömrük əməkdaşları üçün ofis fəaliyyət göstərəcək. Biznes Mərkəzində yüksəkkeyfiyyətli xidməti təmin edəcək müvafiq infrastruktur və maddi-texniki baza yaradılıb.

Azərbaycan tranzit gəlirləri ilə kifayətlənməyəcək

Növbəti inkişaf mərhələsində 138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri üçün nəzərdə tutulmuş hissədə və eyni zamanda, 211 hektar sahəni əhatə edən ağır sənaye müəssisələri üçün hissədə layihələndirmə işləri davam edir. Növbəti inkişaf mərhələsinə aid 138 hektar sahədə torpaq işlərinə tezliklə başlanılması planlaşdırılır.
Azərbaycan Orta dəhlizlə yükdaşımalardan əldə olunacaq tranzit gəlirləri ilə kifayətlənməyərək, dəhliz boyu kiçik və orta müəssisələr üçün əlavə imkanlar yaratmaq istəyir. Ələt Azad İqtisadi zonası bu baxımdan xüsusi əhəmiyyətə malikdir: Zona xarici istehsalçıların Azərbaycana cəlb olunması prosesində mühüm rol oynaya bilər.

Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.

Sərmayədarlar üçün güzəştlər

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında və qlobal nəqliyyat dəhlizlərinin üzərində, strateji coğrafi mövqeyə malik Ələt qəsəbəsinin ərazisində yaradılan azad iqtisadi zonada investorlar üçün bir sıra fiskal və qeyri-fiskal imtiyazlar tətbiq edilir. Həmin imtiyaz­lara əsasən, investorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar. Burada idxal və ixrac əməliyyatlarına gömrük rüsumları və vergilər, habelə aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur. Bununla yanaşı, yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişlərinin könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıması, əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyətin qoyulmaması, xarici investorlar üçün yerli tərəfdaş və səhm­dar tələbinin olmaması, valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında hər hansı bir məhdudiyyətin nəzərdə tutulmaması da həmin imtiyazlar sırasındadır. Digər stimul­laşdırıcı amillər isə ondan ibarətdir ki, burada investorların əmlakı heç bir halda milliləşdirilə bilməz və Ələt Azad İqtisadi Zonasının səla­hiyyətli qurumu investorların əmlakının bu və ya digər məhdudiyyətlərdən, eləcə də onların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir.

Artıq Ələt AİZ-də ilk xarici investisiyalı müəssisənin yaradılması üzrə rəsmi razılaşma əldə olunub. 2022-ci ildə İsrailin "BioPharmax" şirkəti ilə Ələt Azad İqtisadi Zonası arasında ilk müqavilə imzalanıb. Müqavilə “BioPharmax”ın Azərbaycandakı nümayəndəliyi – “BioPharmax AFEZCO”-nun tikintisini nəzərdə tutur. İsrail şirkəti üçün üç hektar ərazi ayrılacaq və burada 50 adda tibbi məhsul istehsal ediləcək. Sənədi Azərbaycan tərəfindən AFEZA-nın Direktorlar Şurasının sədri Valeh Ələsgərov, İsrail tərəfindən isə şirkətin baş direktoru Sarel Çen-Tov imzalayıblar.

Beləliklə, Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Bundan başqa, bu layihənin icrası nəticəsində ölkəmizin milli iqtisadiyyatının dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcək.

Yeni iş yerlərinin yaradılmasına xüsusi töhfə

Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov da bildirib ki, Ələt Azad İqtisadi Zonası Azərbaycan üçün xarici investisiyanın cəlb edilməsi baxımından yeni imkanlar deməkdir: “Nəzərə alsaq ki, artıq Ələt Azad İqtisadi Zonasında infraktruktur formalaşdırılıb və istifadəyə verilməkdədir. İlkin monitorinq də göstərir ki, müraciətlər kifayət qədər çoxdur. Ələt Azad  İqtisadi zonası bir tərəfdən Azərbaycana daha çox investisiyanın cəlb edilməsinə, istehsal və ixrac imkanlarının  artırlmasına, məşğulluğun təmin edilməsinə və eləcə də müasir texnologiyanın transferinə imkan yaradacaq. Burada həm də məqsəd ixtisaslı kadrların işlə təmin olunmasını və texnologiyanın transfer edilməsinin öyrənilməsidir. İqtisadiyyatın fərqli sektorlara pozitiv təsirləri var. Gözlənilir ki, daha innevativ məhsulların istehsal edilməsi, Azərbaycan üçün qeyri-neft ixracatının artması baxımından imkanlar yaradacaq. Ən vacib məqamlarsan biri də yeni iş yerlərinin yaradılmasıdır. Bu, yeni iş yerlərinin və məşğulluğun yaradılmasına xüsusi töhfə verəcək”.