İordaniya Kral Sarayından verilən açıqlamaya görə, Kral II Abdullah ölkənin milli və regional təhlükəsizliyini təhdid edən yerli və regional narkotik qruplaşmalarına dəmir yumruqla zərbə vuracağına söz verib.
Hafta.az-ın AFP-ə istinadın yazdığına görə, Kral II Abdullah, Asayiş Müdirliyi Narkotiklərlə Mübarizə Şöbəsini ziyarət edərkən, "İordaniya Silahlı Qüvvələri, Ərəb Ordusu və Narkotiklərlə Mübarizə İdarəsi yerli və regional narkotik dəstələrinə qarşı çıxmalıdırlar və biz təhlükəsizliyimizi təhdid edən hər kəsə “dəmir yumruqla” hücum edə bilməniz üçün sizə tam dəstək verəcəyik. Silahlı qüvvələrimiz və təhlükəsizlik xidmətlərimiz İordaniyanın təhlükəsizliyinin müdafiəsində həmişə yüksək effektivlik və bacarıq nümayiş etdirib. Onlar yerli və regional narkotik dəstələrinə qarşı durmaqda davam edirlər” deyib.
Kral II Abdullah həmçinin göstəriş verib ki, bütün aidiyyəti qurumları əhatə edən, cəmiyyətin narkomaniyaya qarşı mübarizədə iştirakına töhfə verəcək və narkotiklərin cəmiyyətə dağıdıcı təsirlərinin qarşısını alacaq narkomaniya haqqında sosial mədəniyyətin və məlumatlılığın yayılmasına yönəlmiş hərtərəfli milli strategiyası formalaşdırılsın.
İordaniya ordusu Suriya ərazisində istehsal olunan narkotik maddələrin, xüsusən də kaptaqonun qaçaqmalçılıq yolu ilə Körfəz ölkələrinə keçirildiyi platformaya çevrildikdən sonra Suriya ərazisindən silah və narkotik qaçaqmalçılığının qarşısını almaq üçün illərdir fəaliyyət göstərir.
İordaniya vurğulayır ki, təxminən 375 kilometr uzunluğundakı İordaniya-Suriya sərhədi boyunca silahlı qüvvələr tərəfindən narkotik qaçaqmalçılığı ilə mübarizə məqsədilə dronlardan da istifadə edilərək, ciddi tədbirlər görülür.
Xatırladaq ki, ötən il fevralın 17-də İordaniya ordusu 45 gün ərzində 16 milyondan çox kaptaqon həbinin ölkəyə girişini əngəllədiyini açıqladı. Bu isə 2021-ci il ərzində müsadirə edilən ümumi narkotikin həcminə bərabər idi.
Suriya 2011-ci ildə müharibə başlamazdan əvvəl kaptaqonun ən mühüm mənbəyi olub. Ölkədəki müharibə kaptaqon istehsalını, istifadəsini və ixracını daha da artırıb.
Körfəz ölkələri, xüsusən də Səudiyyə Ərəbistanı, istehsalı asan olan kaptaqon həblərinin qaçaqmalçılıq yolu ilə hədəfindədir. BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi bu növ narkotiki adətən kofein və digər maddələrin qarışığından ibarət olan stimullaşdırıcı amfetamin kimi təsnif edir.
İordaniyanın addımları 12 illik dağıdıcı qarşıdurmadan sonra ərəb dünyasının Dəməşqə açılmasının sürətləndiyi bir vaxtda atılıb.