İraqın eks baş naziri dindiriləcək: Qasım Süleymaninin ölümünə görə

11:00 03.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2020-ci ildə İraqın paytaxtı Bağdadda İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinin əks-sədaları davam edir.

Hafta.az-ın yazdığına görə, İraqın Baş Prokurorluğu keçmiş baş nazir Mustafa əl-Kazımiyə qarşı Qasım Süleymaniyə hücumda mümkün roluna görə təhqiqata başladığını elan edib.

Xatırladaq ki, 3 yanvar 2020-ci ildə baş verən hücumda Süleymani ilə yanaşı, İraq şiə milislərinin lideri Əbu Mehdi əl-Mühəndis də öldürülüb. Kazımi o zaman İraq Kəşfiyyat İdarəsinin rəhbəri olub. 2020-ci ilin mayında baş nazir seçilən Kazımi bu vəzifəni 2022-ci ilin oktyabrına qədər davam etdirib.

İranın dəstəklədiyi “Kətaib Hizbullah”ın siyasi qanadı kimi tanınan Hüquq Hərəkatının lideri və deputat Hüseyn Munisin müraciətindən sonra Baş Prokurorluq istintaqa başlayıb. Munis Kazimini hadisədə səhlənkarlıqda ittihamlayıb.

Kazıminin istintaq çərçivəsində ifadə verib-verməyəcəyi hələ də aydın deyil.

İranın dəstəklədiyi qruplar, Süleymaninin öldürüldüyü hücumda ABŞ-a daxildən kəşfiyyat məlumatı verən qrupların olduğunu iddia edərək, müxtəlif dairələrə eyham vurublar. Lakin bununla bağlı hələ ki, heç kəsə rəsmi ittiham irəli sürülməyib.

Siyasət rubrikasından digər xəbərlər