Tarixi qələbəmizdən sonra Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi ilə bağlı çoxsaylı təşəbbüslərin olmasına baxmayaraq, sözügedən istiqamətdə ən real addımlar Vaşinqtondakı tarixi razılaşmalardan sonra müşahidə olunur.
Bugünlərdə qalib dövlət olaraq sülh gündəliyinə sadiqliyini nümayiş etdirən Azərbaycan Ermənistana qarşı tranzit blokadanı birtərəfli qaydada ortadan qaldırdı. Prezident İlham Əliyevin bəyan etdiyi bu qərarın Ermənistan üçün bir növ nəfəslik rolunu oynaması işğal faktına görə təcrid siyasətindən illərlə əziyyət çəkən sadə ermənilər tərəfindən təqdirlə qarşılandı.
Ermənistan baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə şəxsən təşəkkür etdi. Özü də bu təşəkkür İrəvandan yox, Gürcüstanda keçirilən beynəlxalq forumun tribunasından edildi. Ekspertlərin qənaətincə, tranzit blokadanın ortadan qaldırılması ölkələr arasında kommunikasiyaların bərpası, xüsusilə də Zəngəzur dəhlizinin açılması istiqamətində rəsmi Bakının ardıcıl siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilə bilər.
Bu qərarla yanaşı, uzun illərdən sonra Azərbaycana məxsus mülki təyyarə İrəvan hava limanına eniş etdi. Ermənistanda iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin ikigünlük müzakirəsi sülh istiqamətində daha bir önəmli addım sayıla bilər.
Ermənistan daxilində Robert Koçaryan, Serjik Sarqsyan və digər millətçi-revanşistlərin bütün cəhdlərinə baxmayaraq Bakı və İrəvan sülh gündəliyini irəlilətməkdə qərarlıdırlar. Ən azından rəsmi Bakı atdığı addımlarla bu məsələdə özünün qəti siyasi iradəsini ortaya qoyur. Prezident İlham Əliyevin «sözümüz də imzamız qədər dəyərlidir» bəyanının nə dərəcədə real olduğu Vaşinqton görüşündən sonra atılan addımlarla bir daha beynəlxalq aləmə nümayiş etdirilir.
Qeyri-hökumət təşkilatlarından ibarət nümayəndə heyətlərinin birgə müzakirəsinin təşkili də iki ölkə arasında etimad mühitinin formalaşdırılmasına istiqamətlənən mühüm addım kimi dəyərləndirilir.
Hətta 2020 və 2023-cü illərdəki qələbələrimizdən sonra Cənubi Qafqazda sülh prosesini baltalamağa çalışan dövlətlər və beynəlxalq təşkilatlar belə, mövcud reallıqları alqışlamaq məcburiyyətindədirlər. Vaxtilə «xalq diplomatiyası» adı altında müxtəlif Qərb təşkilatları səviyyəsində təşkil olunan ənənəvi görüşlərin heç bir nəticə verməməsi, daha doğrusu nəticəsizliyin əvvəlcələn planlaşdırılması əslində Ermənistan və Azərbaycan arasında etimad quruculuğu prosesinin baş tutmamasına hesablanan addımlar idi. Lakin indi tamamilə başqa mənzərənin şahidi oluruq.
Bu, Prezident İlham Əliyevin uzaqgörən düşünülmüş diplomatik gedişləri və siyasi qərarlarının məntiqi nətcəsidir.
Bu görüşlərin təşkili həm də o anlama gəlir ki, Bakı və İrəvan arasında ikitərəfli formada aparılan sülh danışıqları tək siyasi müstəvidə deyil, həm də vətəndaş cəmiyyətləri platformasında davam etdirilir. Etimad quruculuğu prosesinin tək siyasi və iqtisadi tədbirlərlə yox, həm də digər müstəvilərdə atılan addımlarla bərpası bu istiqamətdə sistemli və ardıcıl baxışın ortaya qoyulduğunun göstəricisidir.
Proses yeni başlayır. Təbii ki, 30 illik işğal faktı ilə üzləşən bütöv bir nəslin qarşı tərəfə etimadının formalaşması üçün hələ uzun zaman və daha təsirli addımların atılması zərurətini ortaya qoyur. Bununla yanaşı, Ermənistanda revanşist əhval-ruhiyyəyənin təsir rıçaqlarının ortadan qaldırılması da başlıca şərtlərdəndir. İrəvan Ermənistan xalqına müharibənin və işğalın acı nəticələrini xatırladaraq sülh təşviq etməlidir. Ki, biz hazırda bu prosesin ilkin qığılcımlırını görürük. Vətəndaş cəmiyyəti nümayəndələrinin ilk olaraq məhz İrəvanda görüşməsi hər iki tərəfin siyasi iradəsinin ortaq nəticəsi sayıla bilər. Lakin bu məsələdə əsas təşəbbüsün Azərbaycan, daha doğrusu son beş ildə yürüdülən siyasət və reallıqların qəbulu istiqamətində atılan addımlar olduğu xüsusi vurğulanmalıdır.
Ləman Əliyeva