Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə İstanbul şəhərində xaricdəki Azərbaycan Evlərinin birinci və Azərbaycanlıların Koordinasiya Şuralarının ikinci toplantısı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən hafta.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsindən sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.
Toplantını giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu görüşün qalib xalqımız, qalib ordumuz üçün böyük önəm daşıyan bir tarixə - Azərbaycan Silahlı Qüvvələrinin yaranması gününə təsadüf etməsinə diqqət çəkib. Komitə sədri Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan böyük zəfərdə birlik və həmrəylik nümayiş etdirərək, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıran diasporumuzun rolunu xüsusilə vurğulayıb.
Toplantıda çıxış edənlər Koordinasiya Şuralarının ikinci toplantısının birlik və bərabərlik yolunda daha inamla addımlayan Azərbaycan diasporunun fəaliyyətinə ciddi töhfələr verəcəyini bildiriblər.
Daha sonra Azərbaycan Evlərinin və Koordinasiya Şuralarının hesabatları dinlənilib və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib.
Qeyd: Xaricdəki Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısı 2019-cu ildə də Türkiyə Respublikasının İstanbul şəhərində keçirilib.