Neft yenidən bahalaşır

18:22 26.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaxın Şərqdə gərginliyin yenidən artması qlobal enerji bazarlarını ciddi narahat edir. Dünyada neft ticarətinin ən strateji marşrutlarından biri hesab olunan Hörmüz boğazında yaranan risklər fonunda beynəlxalq maliyyə institutları da qiymət proqnozlarını yenidən nəzərdən keçirirlər. ABŞ-nin aparıcı investisiya banklarından biri olan Goldman Sachs hesab edir ki, əgər Hörmüz boğazı ətrafında böhran davam edərsə və neft daşımalarında ciddi fasilələr yaranarsa, cari ilin son rübündə “Brent” markalı neftin bir barelinin qiyməti 120 dollardan yuxarı qalxa bilər.

Bununla belə, bank bu ssenarinin əsas proqnoz olmadığını da vurğulayır. Analitiklərin baza ssenarisinə görə, bölgədə gərginliyin azalacağı halda “Brent” markalı neftin qiyməti ilin son rübündə təxminən 80 dollar, 2027-ci ildə isə 75 dollar ətrafında sabitləşə bilər. Bu isə onu göstərir ki, hazırda bazarda qiymətlərin istiqaməti ilk növbədə geosiyasi hadisələrin inkişafından asılıdır.

Təchizat riskləri bazarı həssaslaşdırır

“Goldman Sachs”ın qiymətləndirməsinə əsasən, Yaxın Şərqdə münaqişələrin genişlənməsi və Körfəz ölkələrindən ixrac olunan neft həcminin müharibədən əvvəlki səviyyənin 45 faizindən də aşağı düşməsi bazarda yeni qiymət artımı dalğası yarada bilər. Xüsusilə Hörmüz boğazında gəmiçilik fəaliyyətinin məhdudlaşması və Qırmızı dənizdə mümkün təchizat problemləri dünya bazarında neftin təklifini azaldaraq qiymətlərə ciddi təzyiq göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, hazırda bazar əvvəlki illərlə müqayisədə daha həssas vəziyyətdədir. Bunun əsas səbəblərindən biri ilin ikinci rübündə qlobal neft ehtiyatlarının azalmasıdır. Ehtiyatların aşağı səviyyədə olması istənilən geosiyasi və ya logistik problemin qiymətlərə daha sürətlə təsir etməsinə səbəb olur.

Digər tərəfdən, neft qiymətlərinin nəzarətsiz şəkildə yüksəlməsinin qarşısını ala biləcək amillər də mövcuddur. Bank analitikləri hesab edirlər ki, Çində neft idxalının zəifləməsi və qlobal iqtisadi artım tempinin əvvəlki dövrlərlə müqayisədə aşağı olması tələbatı məhdudlaşdırır. Bu isə təklifdə yaranan problemlərin qiymətlərə təsirini müəyyən qədər balanslaşdıra bilər.

Yəni bazarda hazırda iki fərqli tendensiya müşahidə olunur. Bir tərəfdən geosiyasi risklər qiymətləri yuxarı istiqamətə çəkir, digər tərəfdən isə zəifləyən tələbat artımın sürətini məhdudlaşdırır.

“Goldman Sachs” yalnız xam neft bazarında deyil, dizel yanacağı bazarında da risklərin yüksəldiyini bildirir. Bank geosiyasi risklərdən qorunmaq istəyən investorlar üçün 2026-cı ilin sonundan 2027-ci ilin ilk aylarınadək Avropa dizel bazarında uzunmüddətli mövqelərin daha əlverişli ola biləcəyini qeyd edir.

Analitiklərin fikrincə, dizel bazarında vəziyyət onsuz da gərgindir. Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarının davam etməsi, qasırğalar, ekstremal isti hava şəraiti və bəzi müəssisələrdə texniki xidmət işlərinin uzanması təchizat üçün əlavə risklər yaradır. Bu amillər dizel yanacağının qiymətlərinə də yüksəldici təsir göstərə bilər.

Gözlər yenidən Hörmüz boğazına yönəlib

Son həftələr ABŞ və İran arasında qarşıdurmanın yenidən kəskinləşməsi, həmçinin İranın dəstəklədiyi husi qüvvələrinin Səudiyyə Ərəbistanından həyata keçirilən neft daşımalarını bloklamaqla bağlı təhdidləri enerji bazarlarında narahatlığı artırıb. Bu hadisələr investorların risk qiymətləndirməsini dəyişdirərək neft bazarında kəskin qiymət dalğalanmalarına səbəb olub.

Ekspertlərin fikrincə, hazırda bazarın əsas diqqəti Hörmüz boğazında baş verəcək hadisələrə yönəlib. Çünki dünya üzrə dəniz yolu ilə daşınan neftin əhəmiyyətli hissəsi məhz bu marşrutdan keçir. Burada yaranacaq hər hansı uzunmüddətli məhdudiyyət qlobal enerji bazarında yeni qiymət şokuna səbəb ola bilər.

Nəticə etibarilə, yaxın aylarda neft bazarının taleyi iqtisadi göstəricilərdən daha çox geosiyasi proseslərin inkişafından asılı olacaq. Əgər bölgədə gərginlik azalsa, qiymətlərin yenidən 75–80 dollar diapazonuna qayıtması mümkündür. Lakin Hörmüz boğazında böhran dərinləşərsə, “Brent” markalı neftin qiymətinin 120 dollar həddini aşması ehtimalı da gündəmdə qalacaq.

Qlobal maliyyə institutlarının risk proqnozları fonunda yerli ekspertlər də vəziyyətin inkişaf ssenarilərini diqqətlə izləyirlər. Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, hazırkı mərhələdə söhbət yalnız İran-ABŞ qarşıdurmasından deyil, bütövlükdə enerji təchizatı marşrutlarının təhlükə altına düşməsindən gedir.

Ekspert bildirib ki, Hörmüz boğazında hərbi aktivliyin yenidən yüksəlməsi, eyni zamanda, İran və ABŞ arasında qarşılıqlı hərbi əməliyyatların davam etməsi enerji bazarlarında narahatlığı gücləndirib. Bu hadisələrin təsiri ilə “Brent” markalı neftin qiyməti yenidən 90 dollar həddini keçib, Avropada təbii qazın min kubmetrinin qiyməti isə 600 dollardan yuxarı qalxıb.

İ.Şabanın qiymətləndirməsinə görə, hadisələrin inkişafı üç əsas ssenari üzrə davam edə bilər. Birinci və hazırda bazarın daha çox ehtimal verdiyi variant məhdud enerji şokudur. Bu halda tankerlərin sığorta xərcləri artır, yükdaşımaları ləngiyir, neft və mayeləşdirilmiş təbii qazın daşınması bahalaşır. Nəticədə enerji qiymətləri yüksək səviyyədə qalsa da, qlobal bazarda ciddi fiziki qıtlıq yaranmır.

İkinci ssenari isə Hörmüz boğazında böhranın uzunmüddətli xarakter almasıdır. Ekspert qeyd edir ki, dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən beşdə biri, eləcə də mayeləşdirilmiş təbii qaz ticarətinin mühüm hissəsi məhz bu marşrutdan keçir. Buna görə də boğazda uzunmüddətli məhdudiyyətlər tətbiq olunarsa, təkcə neft deyil, xüsusilə Asiya bazarında qazın qiymətində də ciddi artım müşahidə oluna bilər.

Ən riskli variant isə regional müharibənin genişlənməsidir. İ.Şabanın sözlərinə görə, İranın hücumlarının Körfəz ölkələrinin enerji infrastrukturunu və ABŞ-nin müttəfiqlərini də əhatə etməsi artıq yalnız Hörmüz boğazına deyil, bütövlükdə Fars körfəzindən həyata keçirilən enerji ixracına təhlükə yaradacaq. Belə bir vəziyyətdə isə dünya enerji bazarında qiymət artımı daha kəskin xarakter ala bilər.

Yüksək qiymətlər ilk mərhələdə üstünlükdür, amma…

Ekspert Azərbaycanın mümkün təsirlərdən də kənarda qalmayacağını bildirib. Onun sözlərinə görə, qısamüddətli dövrdə neft və qazın bahalaşması ölkənin ixrac gəlirlərinin artmasına şərait yarada bilər. Bununla belə, uzunmüddətli enerji böhranı qlobal iqtisadi artımı zəiflədərək enerji tələbatını azalda bilər. Bu baxımdan yüksək qiymətlər ilk mərhələdə üstünlük yaratsa da, uzun sürən böhran enerji ixrac edən ölkələr üçün də tam müsbət ssenari hesab edilmir.

İ.Şaban əlavə edir ki, hazırkı şəraitdə dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycanın büdcə gəlirlərinə müsbət təsir göstərə bilər. Cari il üçün Azərbaycan neftinin orta ixrac qiymətinin 75–80 dollar səviyyəsində formalaşacağı gözlənilir. Bu isə dövlət büdcəsində əsas götürülən 65 dollarlıq baza qiymətindən yüksəkdir və əlavə gəlirlərin yaranması ehtimalını artırır.