İtaliya alimi Xudavəng məbədinin "haylara məxsusluğundan bəhs edən kitab" yazdı

12:18 17.02.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Fevralın 19-da İtaliyanın Beluno şəhərindəki "Palazzo Fulçi" böyük zalında italyan yazıçısı və alimi Antonia Arslanın “Dadivank. 1214-cü ildə tikilmiş katolik kilsəsinin 1297-ci il tarixli freskalarının qorunması və bərpası" adlı kitabının təqdimatı keçiriləcək.

Hafta.az xəbər verir ki, erməni mediasının yaydığı informasiyaya görə, bu barədə Ermənistanın İtaliyadakı səfirliyinin “Facebook” səhifəsində məlumat paylaşılıb.

Bilməyənlərə xatırladaq ki, söhbət Azərbaycan Respublikasının Kəlbəcər rayonundakı qədim xristian türk babalarımıza məxsus Xudavəng kilsə-məbədindən gedir.

Saxtakar İtaliya alimi yerli mediaya açıqlamasında işğal illərində Azərbaycan ərazilərinə qanunsuz səfəri zamanı Xudavəng məbədini ziyarət edib oradakı divar rəsmlərinə baxarkən keçirdiyi “xoş hiss”lərdən danışıb...

Zəruri arayış:

Xudavəng monastır kompleksi (“Xotavəng monastırı” – farscadan tərcümədə “təpədə yerləşən”; “Dədəvəng monastırı”) — Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun  kənarındakı Bağlıpəyə kəndindən aşağı, yəni Ağdərə tərəfdə, Kəlbəcər rayon mərkəzinin 29 kilometrliyində yerləşən qədim Azərbaycan məbəd kompleksidir. VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.

Məlumatlar göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Maraqlısı odur ki, üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunmuşdur. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin xaç və yazıları balta ilə çaparaq yox etmiş və beləliklə, tarixi saxtalaşdırmağa çalışmışlar. Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilindən – bir dərədə yığılaraq suxurlaşmış və kristallaşmış gildən əmələ gəlmişdir. Abidə dəfələrlə ermənilərin təcavüzünə məruz qalmışdır. Sovet dövründə Ağdərə rayon partiya komitəsinin erməni 1-ci katibinin göstərişi ilə abidə-kompleks taxtadan çəpərlənmişdi. Lakin Kəlbəcər camaatı həmin çəpəri dağıtmışlar…

Ermənilər 30 ilə yaxındır ki,  xüsusən 44 günlük müzəffər savaşımızdan sonra Kəlbəcər rayonun əksər məntəqələri kimi məbədin yerləşdiyi Bağlıpəyə ərazisi də azad olunduqdan sonra yenə də başqa vasitələrdən istifadə edərək xaricdə göstərdikləri kinofilmlərdə çox ustalıqla  İslamın qəbulundan öncə bu ərazidə yaşamış və tarixçilər tərəfindən “alban”adlandırılan xristian Azərbaycan türklərinin  abidəsini erməni kilsəsi kimi təqdim edir və “ulu Artsax”ın maddi-mədəniyyət abidəsinin türklər tərəfindən dağıdılması” haqqında dünya ictimayyətinə saxta tarixi məlumatlar çatdırırlar.

Xatırladaq ki,  10 noyabr 2020-ci il razılaşmasına əsasən Xudavəng məbədi Rusiya hərbi kontingentinin nəzarətində qalıb. Lakin məbədə gedən yollar ordumuzun nəzarətindədir. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunun azad edilməsindən sonra  məbədin dini varisləri sayılan Alban-udin xristian icmasının üzvləri bir neçə dəfə Xudavəng monastrında olub və  orada dini ayinlər icra ediblər. Alban-udin xristian icmasının sədr müavini Rafik Danakari Xudavəng monastırının vaizi təyin olunub. Lakin bir neçə erməni keşiş də bu günədək  məbədimizdə qalmaqda davam edir.  Bundan sonra bir müddət Rusiya “sülhməramlı”larının müşayiəti ilə Qarabağdakı ermənilər Xudavəngi ziyarət etsələr də, 2021-ci ilin mayından Azərbaycan ordusu bu ziyarətlərin keçirilməsinə icazə vermir...

P.S. Tarixçilərimiz, memarlarımız, diplomatlarımız, diaspor nümayəndələrimiz  və s. işğal altındakı torpaqlarımızdakı digər xristian abidələri kimi Xudavəngin də İslamı qəbul etməmişdən öncə xaçpərəst kimi yaşamış Azərbaycan türklərinin ibadətgahı olması istiqamətində kompleks beynəlxalq təbliğat aparmalıdır…

Siyasət rubrikasından digər xəbərlər