Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Kanal İstanbul layihəsi ilə bağlı mühüm açıqlamalar verib. Layihədən heç vaxt vaz keçmədiklərini bildirən Uraloğlu, “İstanbul kanalını mütləq inşa edəcəyik” deyib.
Hafta.az-ın yazdığına görə, hazırlıq prosesi ilə birlikdə təxminən 7 il çəkəcəyi gözlənilən Kanal İstanbul, Küçükçəkməcə gölündən başlayacaq, Sazlıdərə Su Anbarı və Terkosun şərqinə qədər uzanacaq. Kanal marşrutunun təxminən 6149 metri Küçükçəkməcə, 3189 metri Avcılar, 6061 metri Başakşəhir və 27383 metri Arnavutköy sərhədləri daxilindədir.
Nazirliyin proqnozuna görə, tender prosesindən sonra hazırlıq işləri 1,5 il, kanalın tikintisi isə 5,5 il çəkəcək. Beləliklə, layihənin ümumilikdə 7 ilə başa çatdırılması planlaşdırılır.
İstanbulu iki dənizin keçdiyi şəhərə çevirməyi hədəfləyən Kanal İstanbul layihəsi üzrə ümumilikdə 6 körpü tikiləcək. Layihə çərçivəsində kanalın hər iki tərəfində 250 min evdən ibarət yeni yaşayış massivlərinin salınması nəzərdə tutulur.