Azərbaycanda məktəbəqədər təhsil sahəsində tətbiq edilən yeni maliyyələşdirmə mexanizmi özəl uşaq bağçaları bazarında mühüm dəyişikliklər vəd edir. Yeni qaydalara əsasən, valideyn–dövlət–özəl əməkdaşlığı modeli çərçivəsində dövlət özəl məktəbəqədər təhsil müəssisələrində xidmət haqqının 70 faizini maliyyələşdirəcək. Bu dəstək Bakı şəhərində maksimum 350 manat, regionlarda isə 250 manat həcmində olacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublunun sözlərinə görə, məqsəd dövlət bağçalarında növbələrin azalması, daha çox uşağın məktəbəqədər təhsilə cəlb edilməsi və özəl sektorun inkişafına əlavə stimul yaratmaqdır.
Qiymətlər neçədən başlayır?
Hazırda Azərbaycanda özəl uşaq bağçalarının aylıq ödənişləri təqdim olunan xidmətlərdən, yerləşdiyi ərazidən və tədris proqramından asılı olaraq ciddi fərqlənir. Bakıda fəaliyyət göstərən əksər özəl bağçalarda aylıq ödənişlər, əsasən, 600-1000 manat arasında dəyişir. Beynəlxalq proqramlar tətbiq edən və xarici dil, fərdi inkişaf, əlavə dərnəklər təklif edən müəssisələrdə isə bu məbləğ 1 200-2 000 manat, bəzi hallarda daha yüksək olur. Regionlarda isə qiymətlər, adətən, 250-600 manat intervalında dəyişir.
Yeni qərardan sonra əsas müzakirə olunan məsələ qiymətlərin artıb-artmayacağıdır. Nəzəri baxımdan dövlət subsidiyası bəzi müəssisələrdə xidmət haqlarının artırılması üçün stimul yarada bilər. Lakin bazar mexanizmləri bu ehtimalı müəyyən qədər məhdudlaşdırır.
Vəfa Yaqublu da hesab edir ki, ciddi qiymət artımı gözlənilmir. Onun sözlərinə görə, özəl müəssisələr xidmət haqqını artırdıqca müsabiqədə qalib gəlmək və daha çox uşağı cəlb etmək imkanlarını itirirlər. Yəni qiymət siyasətini bazardakı rəqabət müəyyən edəcək.
Bununla yanaşı, bəzi ekspertlər hesab edirlər ki, yüksək tələbat olan ərazilərdə fəaliyyət göstərən premium bağçalar qiymətlərə yenidən baxa bilər. Lakin orta seqmentdə çalışan müəssisələrin əksəriyyətinin qiymətləri kəskin artırması real görünmür. Çünki valideynlərin ödəmə qabiliyyəti və bazardakı rəqabət buna imkan verməyə bilər.
Özəl bağçalara tələbat var
Son illərdə özəl məktəbəqədər təhsil müəssisələrinə maraq nəzərəçarpacaq dərəcədə artıb. Bunun əsas səbəbləri dövlət bağçalarında yerlərin məhdud olması, valideynlərin xarici dil və fərdi inkişaf proqramlarına üstünlük verməsi, eləcə də tam gün xidmət göstərən müəssisələrə tələbatın yüksəlməsidir. Xüsusilə Bakı və Abşeron yarımadasında bəzi özəl bağçalarda yerlər tədris ili başlamazdan aylar əvvəl tam dolur.
Məktəbəqədər təhsilə cəlbetmə göstəriciləri də artım nümayiş etdirir. Son tədris ilində 86 mindən çox beşyaşlı uşaq məktəbəhazırlıq qruplarında, 24 mindən çox uşaq isə icma əsaslı məktəbəqədər hazırlıq qruplarında təhsil alıb. Bundan əlavə, valideyn–dövlət–özəl əməkdaşlığı layihəsi çərçivəsində artıq 4 mindən çox uşaq maliyyə dəstəyindən yararlanıb.
Yeni maliyyələşdirmə mexanizminin özəl bağçalar üçün də yeni imkanlar yaratması gözlənilir. Dövlət dəstəyi sayəsində bu müəssisələr daha çox uşaq qəbul edə, fəaliyyətlərini genişləndirə və yeni filiallar aça bilərlər. Bu isə təkcə məktəbəqədər təhsilin əlçatanlığını artırmayacaq, həm də sektorda yeni iş yerlərinin yaranmasına səbəb olacaq.
Bununla belə, yeni sistemin real nəticələri bazarın davranışından asılı olacaq. Əgər rəqabət mühiti qorunarsa, dövlət subsidiyası valideynlərin xərclərinin azalmasına və daha çox ailənin özəl bağçalardan yararlanmasına şərait yarada bilər. Əks halda, bəzi müəssisələrin qiymət siyasətində dəyişiklik etməsi də istisna deyil. İstənilən halda, qəbul edilən qərar məktəbəqədər təhsil sektorunda dövlət və özəl tərəfdaşlığının genişləndirilməsi istiqamətində mühüm addım hesab olunur. Onun qiymətlərə, xidmət keyfiyyətinə və bazarın inkişafına real təsiri isə qarşıdakı tədris ilində daha aydın görünəcək.
Məktəbəqədər təhsilin əhatəsi genişlənəcək
Mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil üzrə ekspert İlqar Orucov hesab edir ki, tətbiq olunan yeni maliyyələşmə modeli məktəbəqədər təhsil sahəsində həm sosial, həm də iqtisadi baxımdan mühüm dəyişikliklərə səbəb olacaq.
Onun sözlərinə görə, valideyn–dövlət–özəl əməkdaşlığı modeli təhsil xərclərinin üç tərəf arasında bölüşdürülməsini nəzərdə tutan müasir maliyyələşmə mexanizmidir. Bu yanaşma dövlət bağçalarında yer çatışmazlığının aradan qaldırılmasına, məktəbəqədər təhsilin əhatə dairəsinin genişlənməsinə və özəl sektorun potensialından daha səmərəli istifadə olunmasına imkan yaradacaq.
Ekspert bildirir ki, yeni model dövlət üçün də maliyyə baxımından daha səmərəlidir. Belə ki, yeni bağça binalarının tikintisinə böyük vəsait yönəltmək əvəzinə, mövcud özəl bağçaların imkanlarından istifadə etməklə daha çox uşağın məktəbəqədər təhsilə cəlb edilməsi mümkün olacaq. Bu isə həm dövlət büdcəsinə qənaət etməyə, həm də özəl təhsil sektorunun inkişafını sürətləndirməyə xidmət edəcək.
İ.Orucovun fikrincə, yeni sistem bazarda sağlam rəqabəti də gücləndirəcək. Dövlət sifarişindən yararlanmaq istəyən özəl bağçalar xidmət keyfiyyətini artırmağa, maddi-texniki bazasını gücləndirməyə və valideynlər üçün daha cəlbedici təhsil mühiti yaratmağa çalışacaqlar. Nəticədə rəqabət qiymət üzərində deyil, daha çox keyfiyyət üzərində formalaşacaq.
Bununla yanaşı, ekspert hesab edir ki, mexanizmin uğurlu olması üçün ciddi nəzarət sistemi qurulmalıdır. Onun sözlərinə görə, dövlət subsidiyasından sui-istifadə hallarının qarşısı alınmalı, yalnız müəyyən edilmiş standartlara cavab verən və keyfiyyətli xidmət göstərən özəl məktəbəqədər təhsil müəssisələri bu proqramdan yararlana bilməlidir.
Valideynlərin maliyyə yükü azalacaq
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi də hesab edir ki, yeni maliyyələşmə modeli valideynlərin maliyyə yükünü azaltmaqla yanaşı, özəl məktəbəqədər təhsil xidmətlərini daha geniş əhali qrupu üçün əlçatan edəcək. Onun sözlərinə görə, bu gün bir çox ailə yüksək xidmət haqlarına görə özəl bağçalardan istifadə edə bilmir. Dövlət dəstəyi həmin ailələrin xərclərinin bir hissəsini qarşılayacağı üçün daha çox uşaq məktəbəqədər təhsilə cəlb olunacaq.
Ekspertin fikrincə, bunun nəticəsində məktəbəqədər təhsilin əhatə dairəsi genişlənəcək, uşaqlar məktəbə daha hazırlıqlı başlayacaq və uzunmüddətli perspektivdə ölkənin təhsil göstəricilərinə müsbət təsir göstərəcək.