Əmək bazarında yeni iş modeli

19:35 26.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda əmək bazarında yeni iş modelinin tətbiqinə hazırlıq görülür. Belə ki, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda beynəlxalq təcrübəyə əsaslanan çevik iş vaxtı rejiminin formalaşdırılması nəzərdə tutulur. Bu model işçilərə iş gününün başlanma və bitmə saatlarını müəyyən çərçivələr daxilində sərbəst seçmək imkanı yaratmaqla yanaşı, iş və şəxsi həyat arasında tarazlığın gücləndirilməsini, əmək məhsuldarlığının artırılmasını və müasir əmək bazarının tələblərinə uyğun iş mühitinin formalaşdırılmasını hədəfləyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nəzərdə tutulan model Beynəlxalq Əmək Təşkilatının və digər qabaqcıl ölkələrin təcrübəsinə əsaslanır. Çevik iş vaxtı rejimi işçinin həftəlik qanunvericiliklə müəyyən edilmiş 40 saatlıq iş normasını tam yerinə yetirməsi şərti ilə iş gününə nə vaxt başlayacağını və nə vaxt bitirəcəyini müəyyən edilmiş zaman intervalı çərçivəsində seçməsinə imkan verir. Başqa sözlə, iş vaxtının ümumi müddəti dəyişməsə də, işçinin gündəlik qrafiki daha çevik təşkil olunur.

Hansı sahələrdə tətbiq olunacaq?

Beynəlxalq təcrübədə bu model adətən məcburi iş saatları və çevik giriş-çıxış vaxtları prinsipi əsasında tətbiq edilir; məsələn: işçi işə səhər saat 06:00 ilə 10:00 arasında başlaya bilər. Gün ərzində bütün əməkdaşların birlikdə çalışmasının vacib olduğu müəyyən əsas saatlar da müəyyən edilir. Belə yanaşma həm müəssisənin fəaliyyətinin səmərəli təşkilinə imkan verir, həm də işçilərin şəxsi həyatını və gündəlik planlarını daha rahat qurmasına şərait yaradır.

Nazirliyin məlumatına görə, çevik iş vaxtı rejimi daha çox informasiya texnologiyaları, maliyyə sektoru, təhsil müəssisələri, dövlət idarəçiliyinin inzibati və analitik istiqamətləri kimi sahələr üçün uyğun hesab olunur. Bununla yanaşı, azyaşlı uşağı olan valideynlər, əlilliyi olan şəxslər, təhsil alan əməkdaşlar, eləcə də məsafədən və ya hibrid formatda çalışan işçilər üçün də bu model daha əlverişli sayılır. Fasiləsiz fəaliyyət göstərən səhiyyə, istehsalat, nəqliyyat və digər növbəli iş rejimi tələb edən sahələrdə isə çevik iş vaxtının xüsusi tənzimləmə mexanizmləri ilə tətbiqi nəzərdə tutulur.

Tətbiq mərhələli şəkildə həyata keçiriləcək

Nazirlik vurğulayır ki, yeni iş rejiminə keçid qısa müddətdə deyil, mərhələli şəkildə həyata keçiriləcək. Tədbirlər Planına uyğun olaraq, 2026–2030-cu illər ərzində əvvəlcə beynəlxalq təcrübə ətraflı öyrəniləcək, hüquqi və institusional təhlillər aparılacaq, daha sonra isə müvafiq normativ hüquqi aktlar hazırlanaraq modelin tətbiqinə başlanılacaq. Bu yanaşma çevik iş vaxtı rejiminin ölkənin əmək bazarının xüsusiyyətlərinə uyğunlaşdırılmasına və tətbiq zamanı yarana biləcək problemlərin minimuma endirilməsinə xidmət edir.

Yeri gəlmişkən, son illərdə dünyanın bir çox ölkəsində çevik və hibrid iş modelləri sürətlə genişlənir. Xüsusilə pandemiyadan sonra iş prosesinin təşkili ilə bağlı yanaşmalar dəyişib və bir çox müəssisə daha çevik idarəetmə modelinə üstünlük verməyə başlayıb. Azərbaycanda da bu istiqamətdə atılacaq addımlar əmək münasibətlərinin müasirləşdirilməsi baxımından mühüm yenilik hesab olunur. Mütəxəssislərin fikrincə, model düzgün hüquqi baza və effektiv tətbiq mexanizmləri ilə həyata keçirilərsə, həm işçilərin məmnunluğunu artıracaq, həm də müəssisələrdə əmək məhsuldarlığının yüksəlməsinə, işçi dövriyyəsinin azalmasına və daha səmərəli iş mühitinin formalaşmasına töhfə verəcək.

Beynəlxalq təcrübədə müxtəlif çevik iş modelləri tətbiq olunur

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov bildirir ki, Prezident tərəfindən təsdiq edilən 2026–2030-cu illər üzrə Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planı əmək bazarında yeni yanaşmaların tətbiqini və məşğulluğun artırılmasını hədəfləyir. Onun sözlərinə görə, bu istiqamətdə əsas yeniliklərdən biri də dünyanın bir çox ölkəsində uğurla tətbiq olunan çevik iş rejimi modellərinin Azərbaycan əmək bazarına gətirilməsidir.

Deputat qeyd edir ki, beynəlxalq praktikada çevik iş rejiminin müxtəlif formaları mövcuddur. Onlardan biri hibrid iş modelidir. Bu sistemdə əməkdaşlar həftənin müəyyən günlərini ofisdə, qalan günlərini isə məsafədən çalışaraq keçirirlər. Digər geniş yayılmış model isə sıxılmış iş həftəsidir. Bu zaman həftəlik iş saatları işçi ilə işəgötürən arasında razılaşma əsasında dörd iş gününə bölünür və işçiyə əlavə istirahət günü verilir.

V.Bayramovun sözlərinə görə, çevik iş vaxtı modeli də beynəlxalq praktikada geniş istifadə olunur. Bu modeldə işçi müəyyən edilmiş əsas iş saatlarında iş yerində olur, qalan iş vaxtını isə öz qrafikinə uyğun şəkildə planlaşdıra bilir. Bundan başqa, işin bölüşdürülməsi modeli çərçivəsində bir vəzifənin iki yarımştat əməkdaş arasında paylaşdırılması da tətbiq edilir. Son illər isə nəticə əsaslı iş modeli daha çox yayılmağa başlayıb. Bu sistemdə işçinin fəaliyyəti iş yerində keçirdiyi vaxta görə deyil, qarşıya qoyulan tapşırıqları hansı keyfiyyətlə və hansı müddətdə yerinə yetirməsinə əsasən qiymətləndirilir.