Keçmiş millət vəkilini EVİNDƏ GÜLLƏLƏDİLƏR

13:40 16.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Taliban 2021-ci ildə hakimiyyəti ələ keçirməzdən əvvəl vəzifədə olan qadın millət vəkili Mürsəl Nəbizadə öz evində naməlum silahlı şəxs tərəfindən güllələnib.

Hafta.az-ın İndependent-ə istinadən yazdığına görə, hücum zamanı 32 yaşlı Nəbizadə və mühafizəçisi həyatını itirib, qardaşı və digər cangüdəni isə yaralanıb.

Nəbizadə Taliban hakimiyyətə gəldikdən sonra ölkəni tərk etməyən azsaylı qadın siyasətçilərdən biri idi. 

Hücumun səbəbi hələlik məlum deyil. Kabil polisinin sözçüsü Xalid Zadran hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

Nəbizadə 2018-ci ildə Kabildən deputat seçilib və Taliban hakimiyyəti ələ keçirənədək bu vəzifəni icra edib.

Parlamentdə müdafiə komitəsinin üzvü olan Nəbizadənin vəfatı keçmiş həmkarlarını da kədərləndirib. Keçmiş deputat Məryəm Solaymanxil bildirib ki, Mürsəl Nəbizadə əsl pioner, inandığı şeylər üçün ayağa qalxan güclü qadın idi.