Aqrar sahənin uğurları ölkə iqtisadiyyatının yüksəlişi üçün çox vacibdir.
Bunu hafta.az-a Milli Məclisin aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib:
“Çünki aqrar sektor bu gün qeyri-neft sektorunun inkişafında mühüm əhəmiyyət daşıyır və son illərdə bu sahəyə göstərilən diqqət və qayğı, demək olar ki, əvəzsizdir. Bir çox subsidiyaların, kreditlərin tətbiq olunması, kənd təsərrüfatı sahibkarlarının bəzi vergilərdən azad edilməsi və əlavə tədbirlərin görülməsi bu sahənin inkişafını ildən-ilə sürətləndirir. Ona görə də son illər kənd təsərrüfatında artıq inkişaf hiss olunmaqdadır və ilin yekunları göstərir ki, bu sahədə 3,4 faiz artım var. Heç uzağa getməyək, bu ilin doqquz ayın yekunları göstərir ki, artıq kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri təqribən 10 milyard manata çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə nisbətdə 3 faiz çoxdur. Sözsüz ki, burada heyvandarlıq, əkinçilik xüsusi yer tutur və kənd təsərrüfatına ayrılan büdcə vəsaitlərinin ildən-ilə artırılması da bu sahənin inkişafında mühüm rol oynayır. Ancaq kənd təsərrüfatı ağır bir sahədir. Bu sahibkarın özünün yaxşı işləməsindən, təşəbbüskarlığından asılı olmaqla bərabər, həm də təbii şəraitdən də çox asılıdır. Çünki təbii fəlakətlər, ziyanvericilər, bir çox hadisələr elə olur ki, əkinçinin, sahibkarın zəhmətinin əlində qalmasına səbəb olur. Buna görə də burada optimal müddətlər, vaxtlar mütləq dəqiqləşdirilməlidir. Cənab Prezidentin bildirdiyi kimi, müasir texnologiyalar təsərrüfatlara tətbiq olunmalıdır, qabaqcıl təcrübələr öyrənilməlidir, yeni sortlar mütləq yetişdirilməlidir. Təsərrüfatda əməyin təşkili, yeni mütərəqqi suvarma üsullarının tətbiqi həyata keçirilməlidir. Sözsüz ki, bu tədbirlərin həyata keçirilməsi yeni uğurlara yol açacaq və xüsusilə işğaldan azad olunmuş ərazilərdə torpaqların əkin dövriyyəsinə daxil edilməsi gələcək inkişafı üçün yeni imkanlar yaradır. Bu il həmin torpaqlarda 72000 hektarda taxılın əkilməsi, 770 hektarda yazlıq bitkilərin əkini göstərir ki, az müddətdə həmin torpaqlar özünün məhsuldarlığı ilə ölkənin aqrar sektoruna yaxşı nəticələr verəcəkdir. Çünki həmin torpaqlar minalardan təmizlənməlidir. Həmin torpaqlarda əkin üçün şərait yaradılmalıdır və sahələr genişlənməlidir. Çünki bu ərazilər vaxtilə pambıqçılığın, taxılçılığın, heyvandarlığın, digər sahələrin inkişafı üçün çox güclü potensiala malik olub və bu gün də öz əhəmiyyətini saxlamaqdadır”.